PRESS NEWS AZERBAIJAN

Bu gün neçə medal qazandıq?

17.06.2015

 

Avropa Oyunlarının 6-cı günü idmançılarımız üçün çox uğurlu olub. Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal qazanıb. Digər güləşçimiz Cəbrayıl Həsənov bürünc medalın sahibi olub. 97 kq çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov finala vəsiqə qazanaraq ən pis halda ölkəmiz üçün gümüş medalı təmin edib. Taekvandoçumuz Ayxan Tağızadə adını finala yazdırıb.

Avropa Oyunlarının 6-cı günü sərbəst güləşçilərimizin uğurlu çıxışları və qələbələri ilə yadda qaldı. 2012-ci il London Olimpiadasının qalibi olan Toğrul Əsgərov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Finalda o italiyalı rəqibinə 2-0 hesabı ilə geridə olmasına baxmayaraq gözəl fəndlərlə təmiz qələbə qazanıb. Ona qızıl medal prezident İlham əliyev təqdim edib.

74 kq çəkidə güləşən Cəbrayıl Həsənov da ölkəmizə medal qazandırıb. 1/14 finalda Türkiyəli rəqibinə məğlub olan Həsənov təsəlliverici görüşdə qalib gəlib və üçüncü yer uğrunda mübarizə haqqı qazanıb. Cəbrayıl Bolqarıstanlı rəqibini 9-0 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub

97 kq çəkidə mübarizə aparan Avropa və Dünya Çempionumuz Xetaq Qazyumov 1/8 və 1/4 finalları asanlıqla keçib. Yarımfinalda belorusiyalı idmançı üzərində 2-1 hesabı ilə əzmkar qələbə qazanaraq finala vəsiqə qazanıb. Bu isə o deməkdir ki, Xetaq ölkəmizə daha bir medalı qazandırıb. Medalın əyari final görüşündən sonra məlum olacaq.

Hələlik isə medallların sayına görə ölkəmiz 21 medalla Rusiyadan sonra 2-ci yerdə qərarlaşıb. İdmançılarımız 9 qızıl, 9 bürünc və 3 gümüş medal əldə ediblər

Taekvondo yarışlarına ilkin mərhələdən başlayan Ayxan Tağızadə 1/8 finalda sloveniyalı rəqibini 11-3, 1/4 finalda Olimpiya Çempionu olan ispan rəqibini 7-5, yarım finalda isə təcrübəli rusiyalı rəqibinə 7-5 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Ayxan Tağızadə saat 22-30-da final görüşündə Polşalı Karol Robakla qarşılaşacaq

Qadınlardan ibarət voleybol komandamız qrup mərhələsindəki bütün oyunları qələbə ilə başa vurublar. Voleybolçularımız bir-birinin ardınca Rumıniya, Polşa və İtaliyaya qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.