top of page

Bakıda elektrik avtomobilləri üçün enerjidoldurma məntəqələrinin qurulmasına başlanılıb


electrokolonka.jpg

İyunun 17-dən Bakı şəhərində elektrik avtomobilləri üçün enerjidoldurma məntəqələrinin qurulmasına başlanılıb.

“GreenCar” MMC, “Azərişıq” ASC və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən bu layihə çərçivəsində Bakının müxtəlif yerlərində və ölkəmizin bir sıra regionlarında müasir texnoloji vasitələrlə təmin olunan enerjidoldurma cihazları quraşdırılacaq. İlk belə enerjidoldurma məntəqəsi artıq Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə istifadəyə verilib.

Xüsusi proqram təminatı ilə idarə olunan enerjidoldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrik avtomobillərində mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.

“GreenCar” MMC IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək verməkdir.

Azərbaycanda ilk dəfə olaraq “GreenCar” tərəfindən ekoloji baxımdan təmiz elektrik avtomobillərinə genişmiqyaslı keçidin tətbiqi, bu sahədə maarifləndirmə və təşviqatın aparılması ölkə ərazisində və ümumən regionda ekoloji durumun yaxşılaşdırılmasına daha bir töhfədir.

“GreenCar” MMC ətraf mühitin qorunmasında əvəzsiz olan vasitələrin - elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi, eləcə də ekologiyanın qorunması ilə bağlı layihələr həyata keçirir.

electrokolonka.jpg

electrokolonka1.jpg

electrokolonka2.jpg

bottom of page