PRESS NEWS AZERBAIJAN

Dəfn edilmiş ədəbiyyat...

24.06.2015

 

Yadıma gəlir, deyəsən bir neçə il bundan əvvəl də elə bu mövzuda köşə yazım olmuşdu. O vaxt Anar və Əkrəm Əylisliyə xitabən, ədəbiyyatımızdakı problemlər, daha doğrusu “suyu qurumuş bulağa” çevrilən ədəbiyyatımız barədə yazmışdım. Bu gunkü mövzum da elə ədəbiyyatımızdakı böhranla bağlıdır. Onsuz da, yenə həmin “köhnə hamam, köhnə tas” məsələsi qüvvəsində qalır.

Amma indi vəziyyət bir qədər də qəlizləşib. “Suyu qurumuş dəyirmana” dönən Yazıçılar Birliyinin binasından fərqli olaraq, qıraqda-bucaqda hərə əlinə oğurluq qələm alıb, ata-anası ilə bağlı sözləri məntiq və əlifba sırası ilə vərəqə köçürə bilmədiyi halda, şair-yazıçı olmaq həvəsinə düşüblər. Arvad qeybətləri və qazan verilişləri ilə efirləri dolduran səviyyəsiz telekanallar da, qeybət mövzusunda daha yeni bir şey tapa bilmədikləri üçün bu cür “şairciklərə” gen-bol efir vaxtı açıblar. Bəzən, televiziyanın “pultunu” əlinə götürüb, səviyyəli və intellektual kanallar axtaranda istəmədən də olsa, bir anlıq olsa da, bu cür verilişlərə baxanda, adamı dəhşət bürüyür a kişi!

Dəhşətli faktdır, amma belədir. Gör ədəbiyyatımız hansı günə qalıb ki, ərdən çıxıb özünü ora-bura “göstərməyə” çalışan, varlı “sopnsorlar” tapmaq üçün min hoqqadan çıxan “şou-biznes” adlı mənəviyyatsızlıq bazarında at oynadan ərgən arvadlar, sarımsaq yeyib həyasız simada ortaya çıxan arsız gədə-güdələr gündəmə çıxmaq üçün artıq ədəbi sərvətlərimizi də ayaq altına almağa başlayıblar. Düz əməlli mahnı oxuya bilməyən birisindən tutmuş, sarsaq xəyallarla yaşayan şairciklər, ədəbiyyatımızı artıq oyuncaq və rəzil hala salıblar. Qafiyəsi, mənası və dəyəri olmayan cızmaqaralarla əsl təlxəklik edirlər efirlərdə...

Yadıma gəlir, bizim uşaqlığımızın artıq ağıl kəsən vaxtlarında, 80-ci illərin sonlarında insanlar ədəbiyyatla, ədəbi mövzularla nəfəs alırdılar. Cəmiyyət ədəbi cərəyanlarla çalxalanırdı. O zamanın ədəbi jurnalları ən ucqar kəndlərdə belə əl-əl gəzirdi. Mühasibindən tutmuş sağıcısına qədər hər kəs acgözlüklə oxuyurdu o jurnalları. Niyə?,-çünki onun səhifələrində əsl istedadlar, əsl ƏDƏBIYYAT yazılırdı!.

Vaxt var idi Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, İlyas Əfəndiyev, Əli Vəliyev, Mehdi Hüseyn, Mirzə İbrahimov, İsmayıl Şıxlı və adlarını çəkə bilmədiyim böyük-böyük şair və yazıçılarımız ədəbiyyatımızın lokomotivləri kimi poeziya və dramaturgiyanı çiyinlərində daşıyırdılar. Vaxt var idi, istedadlı bir gənc şair və yazıçının balaca şeir və hekayəsini mətbuatda çap etmək üçün neçə böyük sənətkar, şair və yazıçı rəy verməli idi. Həmin gənc üçüb bundan böyük xoşbəxtlik nə ola biklərdi ki?. Təsəvvür elə ki, sənin şerini Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, İlyas Əfəndiyev bəyənir, ona tənqid yazır, rəy verirdi. Böyük ədəbiyyata atılan cavan şair-yazıçı üçün bundan böyük xoşbəxtlik nə ola bilərdi?. Bunun özü ədəbiyyata gəlmək üçün əsl diplom sayılardı. İndi Yazıçılar Birliyinə gedib Çingiz Abdullayevlə Ramiz Rövşəndən başqa hansı yazıçı və şairdən avtoqraf ala bilərsən ki?. “Suyu qurumuş ədəbiyyat” buna deyirlər əzizlərim. Çoxları gənc şair və yazıçıların meydana çıxmamasını, iqtisadi imkanlarla, nə bilim zəmanə ilə, insanların ədəbiyyata maraqının olmaması kimi bisavad  məntiqsizliklərlə izah edirlər. Əgər ədəbiyyat sosial amillərlə, yaxşı gün-güzaranla bağlıdırsa, onda Şekspir, Lermantov, Qoqol, Puşkin, Nizami Gəncəvi, ədalətsizlikdən, rüşvətdən dad yanan Məhəmməd Füzuli kimi dahilər sovet vətəndaşı deyildilər ki?. Əslində bütün zamanlar əsl yazıçılar üçün əsl materialdır. Əsl yazıçılar üçün!. Yetər ki, yazıçı yaşadığı zamanı ədəbiyyata köçürə bilsin. O zaman yaxşı pul da olacaq, yaxşı şöhrət də. “Dəfn edilmiş ədəbiyyat”da isə bunların heç biri olmur əzizlərim. Xalqın təbirincə desək, “gicgicə müğənnilər” şeir yazmaq həvəsinə düşəndə, ağzindan sarımsaq iyi gələ-gələ qoltuğuna oğurluq sətirlər yığıb özünü cəmiyyətə şair kimi təqdim edənlər ədəbiyyat “təmsilçisi” roluna girəndə, N.Gəncəvilər, M.Füzulilər, S.Vurğunlar  “dəfn edilmiş ədəbiyyatdan” doğulmayacaq əzizlərim…

 

Mətləb