Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfir Oleq Yesayan təcili İrəvana gəlib. Bu barədə "Joxovurd" qəzeti yazıb. Qəzet əməkdaşına diplomatik mənbələrdən məlum olub ki, dünən Oleq Yesayan Ermənistanın Xarici İşlər Nazirliyinin binasının yanında nazirliyin bir qrup əməkdaşına xüsusi tapşırıqlar verib. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayana "Səfirin Ermənistana səfəri son zamanlar etiraz aksiyaları ilə bağlıdırmı" sualla müraciət olunub. O cavabına deyib ki, Oleq Yesayan Ermənistan-Rusiya hökümətlərarası komissiyanın iclasında iştirak etmək üçün İrəvana gəlib. Təbii ki, bu cavab yalandır və sualdan diplomatik qaçışdır. Amma heç kimə sirr deyil ki, Oleq Yesayan Kremlin verdiyi tapşırıqaları icra etmək üçün İrəvana gəlib. Çünki ölkə üzərində kabus dolaşır. İndi Ermənistanın taleyi həll olunur. İnsanlar hakimiyyətdən narazıdır. Bu isə Rusiyaya sərf etmir. Moskva öz forpustunda vəziyyətin belə dramatikləşməsini istəmir. Digər tərəfdən, Rusiya vəziyyətin belə alınmasında indiki hakimiyyəti günahlandırır. Çünki, çox şübhə var ki, hadisələrin belə cərəyan etməsi Sarkisyanın Qərblə Rusiyaya qarşı oyunu da ola bilər. Kreml isə artıq müşahidəçi qismində çıxış etmək istəmir və Serj Sarkisyanın telinə "sığal" çəkməyə hazırlaşır. Xatırladaq ki, dörd gündür İrəvanda əhali ölkədə elektrik enerjisinin qiymətlərinin artırılmasına qarşı dinc etiraz aksiyası keçirir. Ümumi davamlı aksiyalara isə iyunun 19-dan start verilib. Hökumət elektrik enerjisinin dəyərinin 7 dram artımağı qarşısına məqsəd qoyub.