Xaçmazda qaz açılışı oldu - VİDEO

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmazın Gödəkli kəndinin qazlaşdırılması işi başa çatdırılaraq 306 abonentə “maviyanacağ”ın verilməsinə başlanılıb.
Kənddə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, Gödəkli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 min 600 metr olan müxtəlif diametrli polad, eləcə də polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
Yerli sakinlərin çətinlikləridə bundan qabağ çox olub. Qaz olmayan kəndin yanacağa olan tələbatı qaçılmazdı. İndi bu kənd sakinləri odundan istifadə etməyəcəklər.
Bununla yanaşı, kənddəki 306 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Çıxışlarda rayonun yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı vətəndaşlarla yanaşı, təbiətə, ətraf mühitə qayğı kimi qiymətləndirilib.
Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun daha 10 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək. Hazırda Aşağı Zeyid, Alıc, Çılğır, Qalağan, Hacılar, Gəncəli, Manafoba, Qaraçı, Qədimalı Qışlaq, Hacıqurbanoba kəndlərinin qazlaşdırılması işləri həyata keçirilir.
“Azəriqaz” İB-nin nümayəndəsi məlumat verib ki, 2015-ci ilin sonuna kimi şimal bölgəsinin dörd rayonunda (Quba, Qusar, Xaçmaz, Şabran) 62 yaşayış məntəqəsinin qazlaşdırılması işləri yekunlaşacaq.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.
Emin Kərimov. Xaçmaz