PRESS NEWS AZERBAIJAN

Qida zəhərlənmələri zamanı bunları edin

09.07.2015

 

Yay aylarında daha çox insan qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edir.

 

Səbəbi isə bir sıra faktorlardan asılıdır. Qida zəhərlənmələrinin əsas əlamətləri, ondan qorunmaq yolları və digər sualları ATU-nun II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyev cavablandırır.

 

PressNews.Az Azərbaycan Tibb Universitetinin yaydığı həmin müsahibəni təqdim edir.

 

- Yay mövsümündə niyə qida zəhərlənmələrinin sayı artır?

 

- Birinci növbədə iqlim şəraitinə görə. Biz bilirik ki, hava hərarəti çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Eyni zamanda bilirik ki, yayda bəzi mövsüm xarakterli məhsullar, məsələn: meyvə, tərəvəz çox yeyilir. Bu da müəyyən səbəblərə görə zəhərlənmələrin sayını artırır.

 

- Əsasən zəhərlənmə halları nədən olur?

 

- Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmamasından baş verir. Soyuq zəncirin pozulması, istehsal tarixi ötmüş malların qəbulu, dondurma, müəyyən ət məhsulları, məsələn, dönər kimi qidaların yay zamanı saxlanılma müddəti çox az olur. Eyni zamanda, düzgün şəraitdə saxlanılmamasıdır. Bu da qida zəhərlənmələrinə yol açır. Yay aylarında qarpızdan zəhərlənmələr çox aktuallıq kəsb edir. İnsanlar düşünürlər ki, qarpızdan zəhərləniblər. Əksinə, bu halların 99%-i qarpızdan və ya qarpızın tərkibindəki nitratlardan başqa, kimyəvi maddələrdən zəhərlənmə deyil. Sadə bir qida zəhərlənməsidir. Biz bilirik ki, qarpız ağacda yox, torpaqda bitir və satışa veriləndə açıq yerlərdə saxlanılır. Çox zaman qarpızı yumadan birbaşa kəsirlər. Bu zaman onun tərkibində olan şirin möhdəviyyətə mikroblar salınır. Bir neçə saatdan sonra həmin mikroblar, patogenlər orada inkişaf edir. Beləliklə, qarpızı yedikdən sonra zəhərlənmə əlamətləri başlayır. Ürək bulanma, qusma, hərarət və s. İnsanlar belə hallarda qarpızdan zəhərləndiyini düşünür. Lakin bu, qida toksikoinfeksiyasıdır.

 

- Zəhərlənmə əlamətləri necədir?

 

- İlk növbədə bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur. Yəni səhər bir süd məhsulu yeməklə özünüzdə prodromal dövr hiss edəcəksiniz. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur.

 

- Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə etmək lazımdır?

 

- Birinci növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulması (çoxlu miqdarda sodalı ya marqanisli su içmək), bağırsağı təmizləyici imalə etmək. Əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır. Lakin əgər artıq zəhərlənmə inkişaf etmişsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, infeksion toksiki, xəstə şok keçirə bilər, başqa insanlara xəstəlik yoluxa bilər və s.

 

- Qida zəhərlənmələəri neçə növ olur və ən ağırı hansıdır?

 

- Ən ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm bilirsiniz ki, düzgün şəraitdə hazırlanmamış konservlərdən olur. Və anaerob şəraitində, yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa ağır qida zəhərlənmələrindən taun xəstəliyini deyə bilərik. Çox nadir hallarda buna rast gəlinir. Qalan qida zəhərlənmələri adətən stafilokok və s. kimi mikrob törərədici xəstəliklərdir. Və bunlar da yüngül ağır və orta keçə bilər.

 

- Bəs bağırsaq infeksiyaları zəhərlənmədə nə rol oynayır?

 

- Bağırsaq infeksiyaları qida toksik infeksiyalarının sadəcə olaraq adıdır. Bu xəstəliklər hamısı eynidir. Bəziləri qida zəhərlənməsi deyir, bəziləri bağırsaq infeksiyaları, bəzsiləri qida toksik infeksiyaları deyir. Bütün bu adlar eyni xəstəliyin sinonimləridir.