“Ruby Roman” üzümünün 700 qram ağırlığında olan salxımı Yaponiyanın İsikava prefekturasında bu il ilk dəfə keçirilən hərracda rekord qiymətə - 1 milyon yenə (8,2 min dollar) satılıb.
“Ruby Roman” üzümü dünyanın ən bahalı sortu hesab edilir. Bu üzüm yaponiyalı seleksioner tərəfindən 1994-cü ildə becərilsə də, ilk dəfə 2008-ci ildə satışa çıxarılıb. Bu sort stolüstü tennis toplarından azacıq kiçik, qırmızımtıl, şirəli və çox şirin giləmeyvələri ilə fərqlənir.
İyulun 9-da keçirilən hərracın gedişində bu sortdan olan 31 üzüm salxımı nümayiş olunub. Bunların arasında ən bahalı lot 26 giləmeyvədən təşkil olunmuş 700 qram ağırlığında üzüm salxımı Kanadzava şəhərindəki otelin baş aşpazına milyon yenə başa gəlib. Beləliklə, bu salxımdakı bir giləmeyvənin qiyməti 38 min yen (312,4 dollar) təşkil edib. Aşpaz əldə etdiyi üzümü nahardan sonra otelin qonaqlarına desert kimi təqdim etmək niyyətindədir.
Qeyd edək ki, 2014-cü ildə keçirilən hərracda “Ruby Roman” üzümünün ən bahalı salxımı 550 min yenə (təxminən 4,5 min dollar) satılmışdı.