PRESS NEWS AZERBAIJAN

Yunanıstan borcunu ödəmir

14.07.2015

 

 

 

Yunanıstan iyulun 13-də Beynəlxalq Valyuta Fonduna 456 milyon avroluq ikinci ödənişi də etməyib. Bununla Afina borcun ödənilməsinə qoyulmuş vaxtı iki həftə ərzində ikinci dəfə pozub. Hazırda vaxtı keçmiş kredit borcunun ümumi məbləği təxminən 2 milyard avrodur. Yunanıstan ötən ayın sonunda kredit borcunu ödəmədiyinə görə, Beynəlxalq Valyuta Fondu Afinaya yardım proqramını dondurdu və ölkə defolt təhlükəsi ilə üzləşdi. Fondun məlumatına görə, borcun ödənilməsinə qoyulmuş vaxtın uzadılması ilə bağlı Afinanın sorğusuna yaxın həftələrdə baxılacaq. Avrozona ölkələrinin liderləri bu günlərdə Brüssel görüşündən sonra islahatlar əvəzində Yunanıstana 3-cü yardım paketinin ayrılması barədə razılıq əldə ediblər. Yunanıstan hökuməti iyulun ortasınadək bu məsələni parlamentdə müzakirəyə çıxarmalıdır. Şərhçilər hesab edir ki, bu ölkədə yeni sosial etirazlara səbəb ola bilər.

Bu arada Brüsseldən ölkəsinə qayıdan Yunanıstanın baş naziri Aleksis Tsipras “ANEL” partiyasının lideri və milli müdafiə naziri Panos Komennos ilə görüşüb. Baş vermiş son hadisələrin müzakirə olunduğu görüşdə eyni zamanda koalisiya ortağı olan Komennos partiyasının yeni kredit razılaşmasına dəstək verməyəcəyini açıqlayıb. Görüşdən sonra jurnalistlərə açıqlama verən Komennos baş nazir Tsiprasın əlindən gələni etdiyini, buna baxmayaraq partiyasının yeni borc razılaşmasına dəstək verməyəcəyini deyib. Nazir həmçinin bu cür mövqeyinə baxmayaraq “ANEL”in hökumət ortaqlığına davam etmək istədiyini bildirib. Hökumətdə baş verənləri yaxından təqib edən ölkə müxalifəti isə “Milli uzlaşma” (böhran zamanı parlamentdə olan bütün partiyaların iştirakı ilə qurulan hökumət planı) hökuməti qurulması istiqamətində çağırışlar edir. “Yeni Demokratiya”nın funksionerlərindən olan sabiq xarici işlər naziri Dora Bakoyanni ölkəni bu “fırtınadan” milli uzlaşma hökumətinin xilas edə biləcəyini iddia edir. Bakoyanni hesab edir ki, yeni hökumətə də Tsipras rəhbərlik edə bilər. Bakoyanni həmçinin yeni hökumətdə texnokratların çoxluq olması fikrini də dəstəkləyir. “Yeni Demokratiyadan sonra “Potami” və "PASOK” da yeni hökumət qurulmasını tələb edirlər. Hər iki partiyanın lideri bu nöqtədə söhbətin Yunanıstanın siyasi-iqtisadi gələcəyindən getdiyini deyərək Tsiprasdan təcili olaraq yeni təşəbbüslə çıxış etməyi tələb ediblər.  Bundan sonra “SYRIZA” millət vəkili və Avropa İşləri nazirinin müvəqqəti icraçısı Nikos Hundis millət vəkilliyindən istefa verib. 

 

Please reload

ƏN ÇOX OXUNANLAR