top of page

Kreml Azərbaycana 7 rayonu qaytarmağı vəd edib


kreml.jpg

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın Vedomosti qəzetinə Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlamalar verib.

O deyib ki, əgər torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım gələcək.

Hələlik sülhməramlı qüvvələrin formalaşdırılması mərhələsinə gəlinmədiyini deyən həmsədr, bunun ATƏT və ya BMT himayəsi altında olacağını, Azərbaycan və Ermənistan tərəfinin müəyyənləşdirəcəyini bildirib. Ceyms Uorlik-in “Vedomosti” qəzetinə verdiyi müsahibəni Sputnik-ə şərh edən politoloq Qabil Hüseynli, rəsmi Bakının prinsipcə sülhməramlılara qarşı olmadığını deyib.

“Azərbaycan Dağlıq Qarabağa sülhməramlı yerləşdirilməsinə qarşı deyil. Bu qəbul olunmuş Madrid prinsiplərində də özünü göstərir. Lakin rəsmi Bakı sonradan, həmin aktda dəyişiklik etdi. Yeni dəyişikliyə əsasən əgər torpaqlar qayıdarsa, bölgəyə hansı ölkələrin sülhməramlılarının yerləşdirilməsinə Azərbaycan tərəfi qərar verəcək”.

Torpaqların yaxın vaxtlarda qaytarılıb-qaytarılmayacağına gəlincə, politoloq hesab edir ki, Rusiya bu barədə Azərbaycana vəd verib. Və bu il məsələnin həllində sonuncu il ola bilər.

“Kreml ən azı yeddi rayonun qaytarılması ilə bağlı Azərbaycan tərəfinə vəd verib. Və bunu gerçəkləşdirməyə çalışacaq. Nəzərə alsaq ki, Ermənistan Rusiyadan asılıdır, ona görə də rəsmi İrəvan ağasının əmrini yerinə yetirməyə məcburdur. Lakin əgər istənilən nəticə əldə olunmasa, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə geri qaytaracaq” — deyə Qabil Hüseynli bildirib.

Politoloq Rusiyanın Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına dəvət etməsini də şərh edib: “Azərbaycan o vaxt bu quruma üzv olar ki, torpaqları işğaldan azad olunsun.”

bottom of page