İki ildir dünyanın ən nüfuzlu qadınları siyahısının ilk pilləsində qərarlaşan Almaniya kansleri Anqela Merkel ötən gün kiçik bir qızın qarşısında çıxılmaz vəziyyətə düşüb. ANS PRESS-in məlumatına görə, şagirdlərin olduğu toplantıda Merkeldən istədiyi cavabı ala bilməyən fələstinli qaçqın qız ağlamağa başlayıb. Bir anda nə edəcəyini bilməyən Merkel çıxılmaz vəziyyətə düşüb. Qeyd edək ki, ailəsi ilə birlikdə Almaniyadan deportasiya olunacaqlarını, yeganə arzusunun bu ölkədə qalaraq təhsilinə davam etmək olduğunu deyən Rim adlı qız kanslerdən gözlədiyi cavabı almadığı üçün ağlamağa başlayıb. Almaniyadan gedərsə bütün xəyallarının puç olacağını deyən Rim Rostok şəhərindəki orta məktəbdə təhsil aldığını, alman və ingilis dilini ana dili kimi bildiyini deyib. Rim atasının qaynaqçı olduğunu, müvəqqəti iş izni başa çatdığı üçün qeyri-müəyyənliklə qarşı-qarşıya olduqlarını deyib. Anqela Merkel isə öz növbəsində qaçqın düşərgələrində minlərlə qaçqın olduğunu və onların hər birinin Almaniyaya yerləşdirilməsinin imkansız olduğunu deyib: “Siyasət bəzən çox çətin olur. Təbii ki, sən çox yaxşı qızsan. Amma bilirsən ki, Livanın qaçqın düşərgələrində minlərlə fələstinli qaçqın var. Əgər biz onlara gələ bilərsiniz desək, əgər Afrikada olan bütün qaçqınlara gələ bilərsiniz desək bununla bacara bilmərik.” Bu sözlərindən sonra fələstinli qızın ağladığını görən Merkel onun yanına gedərək, “Sən yaxşı bir iş bacardın” sözləri ilə onu təsəlli etməyə çalışıb. Proqramın aparıcısı isə, “Xanım kansler bu, yaxşı bacarmaqla əlaqədar bir hal deyil. Bu ağır bir vəziyyətdir” – deyib. Merkel isə aparıcıya kəskin şəkildə, “Mən bunun ağır bir vəziyyət olduğunu bilirəm.” – deyib. Anqela Merkel daha sonra fələstinli qıza, “Səni bir daha oxşamaq istəyirəm. Çünki biz sizi bu vəziyyətə salmaq istəmirdik. Çox ağır vəziyyətdə olduğunu və çox sayda insanın hansı vəziyyətlə qarşı-qarşıya olduğunu gözəl başa saldın.” - deyib. Qeyd edək ki, sosial şəbəkəlıərdə Merkelin bu hərəkəti etirazla qarşılanıb. Çox sayda sosial şəbəkə istifadəçisi Merkelin kiçik bir qıza miqrantların necə deportsiya olunmasından danışmasını yersiz sayıblar. Həmçinin sosial şəbəkədə kanslerə dəstək verənlər də olub.