"Plastik kartların dəyişdirilməsi və ya qalıqların Azərbaycan Beynəlxalq Bankından alınmasında çətinliklə üzləşənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən təyin olunan sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti bu vaxta qədər "Kapital Bank" və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. ƏƏSMN-nin son aylarda keçirdiyi müvafiq tenderin nəticələrinə uyğun olaraq, bu ilin iyul ayının əvvəlindən etibarən respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gələn "Kapital Bank"a həvalə olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, indiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar bundan sonra həmin vəsaitləri "Kapital Bank"a məxsus bankomatlardan qəbul edəcəklər. Bununla əlaqədar olaraq, rayon (şəhər) ƏSMM-ləri tərəfindən "Kapital Bank"ın rayon (şəhər) filiallarına qeyd olunan vətəndaşlar üçün plastik ödəniş kartlarının hazırlanması və onlara təqdim olunması barədə sifarişlər verilib. "Bu ilin iyul ayı üzrə sosial müavinət və təqaüdlərin ödənilməsi başlanan vaxta qədər, yəni iyulun 20-dək artıq plastik ödəniş kartları tam hazır olub. Hazırda müvafiq şəxslər şəxsiyyət vəsiqələrini "Kapital Bank"ın aidiyyəti rayon (şəhər) filiallarına təqdim edərək plastik ödəniş kartlarını əldə edirlər. Burada hər-hansı problem mövcud deyil", - deyə E. Babayev bildirib. E. Babayev vurğulayıb ki, sosial müavinət və təqaüdlərini bu vaxta qədər Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan və hazırda bu banka məxsus plastik ödəniş kartlarında hələ götürmədikləri müəyyən məbləğ qalan vətəndaşlar yaşadıqları rayon və ya şəhər üzrə bankın filiallarına müraciət etməklə qalan vəsaitlərini nağd formada ala bilərlər. Vətəndaşlar plastik kartlarının dəyişdirilməsi və ya onlara məxsus qalıq vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankından alınması prosesində hər-hansı çətinliklə üzləşdikləri təqdirdə qeydiyyatda olduqları rayon və ya şəhərin ƏSMM-lərinə müraciət edə bilərlər.