top of page

Prezidentdən əhaliyə müraciət: Dərhal reaksiya verin


"Məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq"

"Müstəqilliyimizin ilk illərində bizə bəzən elə gəlirdi ki, Qərbdə mövcud olan hər bir sahə gərək Azərbaycanda da tətbiq olunsun. Bizim təsəvvürümüz belə idi ki, ən mütərəqqi təcrübə oradadır, ən azad cəmiyyət orada formalaşıbdır. Ancaq illər keçdikcə biz görürük ki, heç də hər zaman belə deyil".

Pressnews.Az-ın məluamtına görə, milli mətbuatın yaradılmasının 140 illiyi münasibətiləMətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.Prezident bildirib ki, Qərb ölkələrində hər hansı bir vacib mövzu ilə bağlı mətbuatda fikir ayrılığı yoxdur. Əksinə, hər hansı bir alternativ fikri tapmaq çox çətin olur. Biz bunu istər ölkələrin daxili siyasəti ilə, daha çox isə xarici siyasətlə bağlı əyani şəkildə görürük. Qərb mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır. Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların maraqlarını təmin etmək üçün bu, əlbəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur. Bizim mətbuatımız da əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır.

İlham Əliyevin sözlərinə görə, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranıb. "Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq. Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir.Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir", - İlham Əliyev qeyd edib. Dövlət başçısı qeyd edib ki, ölkədə sosial ədalətsizlik halları var. "Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq. Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də, həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq. Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik", - deyə prezident bildirib.

bottom of page