Azərbaycanda koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilmiş və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanmışdır. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş vermiş və hazırda davam etməkdədir.
Ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat etmişdir.
Qeyd olunanları nəzərə alaraq respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsisi və s. əks olunmuşdur.
Məlumat üçün qeyd edək ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır, ölkəmizdə bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmamışdır.