AZAL öz sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan edib.
Pressnews.az xəbər verir ki, bu barədə virtualaz.org saytına oğlunu Naxçıvana yola salan Bakı şəhər sakini Müşfiq Mədətov məlumat verib.
M.Mədətovun sözlərinə görə, qeydiyyatdan keçən sərnişinlər aviaşirkət işçilərinin öz noutbuklarını aeroportda qoyub getmək kimi absurd tələbi ilə üzləşiblər. AZAL əməkdaşları bu qadağaya hər hansı məntiqi izah verə bilməyiblər. Yalnız onu deyiblər ki, bu qadağa AZAL prezidenti Cahangir Əsgərovun şəxsi əmri ilə qoyulub.
Bu üzdən sərnişinlərlə AZAL əməkdaşları arasında qızğın mübahisə düşüb. Bu qərarın absurd olduğunu aeroport əməkdaşlarına anlatmaq cəhdləri də fayda verməyib. Narazı sərnişinlərə AZAL-ın mərkəzi ofisinə müraciət etmək tövsiyə olunub.
“İnsident saat 19:20-yə nəzərdə tutulan Bakı-Naxçıvan reysinə minik zamanı baş verib. Aeroport əməkdaşları sərnişinlərə xəbərdarlıq etdilər ki, təyyarəyə noutbukla minmək olmaz. Mübahisə yarandı. Bunlar videomüşahidə kameralarına da düşüb. Ona görə də oğlum noutbukunu Bakıda saxlamalı oldu” - deyə M.Mədətov bildirib.