PRESS NEWS AZERBAIJAN

GMO - bu məhsullar Azərbaycanda necə yoxlanır? - Ziddiyyət

06.08.2015

 

GMO - (Genetik motifikasiya olunmuş) məhsulların ölkəyə gətirilməsi, satışı və əkini qanunla qadağan edilsə də AZS731 Halal Standartlarının GMO qidalar bəndində belə məhsullara icazə verilir. Yəni halal standartı ilə qanunlar arasında ziddiyyətlər çoxdur.

 

 

Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” prezidentin 2012-ci il, 17 iyul tarixli, 690 saylı fərmanı ilə GMO məhsullara aid məsələlər əhatə olunub: “Həmçinin “Toxumçuluq haqqında” qanunun 27-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi və əkilib satışa çıxarılması qəti qadağandır.

 

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 3-cü maddəsində də müəyyən müddəalar öz əksini tapıb. Qanunun 6.05-ci maddəsində, ekoloji təmiz kənd təsərrüfatına dair tələblərdən birində, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlərdən, onların törəməsindən istifadə qadağan olunub. Ölkədə GMO qadağan olunduğu bir şəraitdə AZS 731 standartının 5.10.1 bəndi halal qidada GMO-nun istifadəsini məhdudlaşdırmır”.

 

E.Hüseynov dedi ki, Azərbaycanda GMO-nun olmadığına dair məlumatlar verilir. Məsələn, komitənin araşdırmalarında soyanın GMO tərkibli olmadığı bildirilir: “Soyanın Azərbaycana gətirilməsinin əsas marşurutlarına baxaq. Soyanın dünya üzrə əsas ixracatçıları ABŞ, Braziliya və Argentinadır. Müvafiq olaraq da Azərbaycana soya həmin ölkələrdən Gürcüstanın Poti və ya Rusiyanın Novosibirsk limanına gətirilir. Oradan isə dəmiryolu vasitəsilə Azərbaycan daxil olur. Azərbaycanda səlahiyyətli laboratoriya bəyan edir ki, ölkədə GMO yoxdur.

 

Bəs görəsən, bunlar hansı məhsulları yoxlayırlar? ABŞ, Braziliya, Argentina əsas soya ixracatçılarının rəsmi qurumlarının sənədlərində, hesabatlarında, həmçinin Ümümdünya Səhiyyə Təşkilatının, FAO hesabatlarında soyanın GMO olması göstərilir.

Məsələn, 

www.ers.usda.gov

www.fao.org

www.ec.europa.eu

www.reuters.com saytlarında belə məlumat var”.

 

Təşkilat rəhbəri qeyd etdi ki, bu ölkələrdə GMO və təbii məhsullar arasında heç bir fərq qoyulmur: “Bu ölkələr 2000-ci ildən bəri GMO ilə bağlı Biotəhlükəszilik haqda Kartagen Protokolunu və digər beynəlxalq konvensiyaları ratifikasiya etmirlər. Əgər ratifikasiya etsələr, onda məcburdurlar ki, məhsulların üzərində GMO sözü yazsınlar:

 

“Amerikada də Məhsulların Ekvivalentlik Qaydaları tətbiq edilir. Ona görə də onlar satdığı məhsullarda GMO sözünü yazmır və o cür də sertifikat verirlər. Əgər satan tərəf ABŞ, Braziliya, Argentina rəsmi şəkildə bəyan edirsə ki bizim ölkədə əkilən soya GMO-dur, onda hər hansı bir laboratoriya analizinə ehtiyac yoxdur. Alan tərəf - Azərbaycan şirkətləri isə iddia edirlər ki, bizdə GMO yoxdur”.

 

Qeyd edək ki, bütün dünyada tanınmış “Greenpeace” təşkilatı aparılmış analizlər nəticəsində “Twix”, “Milky Way” və onlarca bu cür məhsulun GMO olduğunu sübuta yetirib. Bu məhsullar Azərbaycan bazarında da var.

(Tam siyahını burada oxumaq olar: http://gmoguide.greenpeace.ca/shoppers_guide.pdf).

 

E.Hüseynov deyir ki, MDB ölkələrindən Rusiya, Ukrayna kimi dövlətlərin gömrük orqanları, Səhiyyə nazirlikləri ölkələrində GMO məhsulların olduğunu rəsmən təsdiqləsə də ölkəmizdə müvafiq qurumlar bunları təsdiq etmir: “Nəzərə alsaq ki Rusiya və digər Avropa ölkələrinin laboratoriyaları beynəlxalq akkreditasiyadan keçib və onların analizlərinin nəticələri beynəlxalq səviyyədə tanınır, onda Azərbaycandakı sadəcə iki qurumun laboratoriya nəticələri şübhəli görsənir.

 

Bundan başqa hələ 2012-ci ildə “Monsanto” şirkətinin Türkiyədəki regional ofisi vasitəsilə Azərbaycanda quşçuluq fabriklərinə soya və qarğıdalı toxumları satması faktı məlumdur. Biz hələ bəzi nümunələr göstərdik. Bunu hələ qarpıza, xaricdən gətilən digər məhsullara şamil etsək, onda siyahı daha da genişlənəcək”. AİB təklif edir ki, GMO ilə bağlı araşdırmalara mətbuat və müstəqil ekspertlər də dəvət edilsin.

Please reload

ƏN ÇOX OXUNANLAR