İnternetdə 1-15 avqust tarixlərində keçirilən `Tank biatlonu` üzrə beynəlxalq yarışa hazırlıq zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşının sönməsi və digər tankın isə çevrilməsini əks etdirən görüntülər yayılıb.
Drift və su manelərinin öhdəsindən gəlmə yarışlarının izləyicilərindən biri iki insidenti görüntüləyə bilib. Əvvəlcə tanklardan biri su maneəsini keçən zaman nasazlıqla qarşılaşıb. Videodan göründüyü kimi su maneəsini keçdikdən sonra tank sönüb. Hərbi texnika Ermənistan Silahlı Qüvvələrinə məxsus olub. Böyük ehtimalla tankın motoru hidrozərbəyə məruz qalıb. Hərbi texnikanın özü quruya çıxsa da, yarışdan kənarlaşıb. Bu epizodu videonun 1:10-cu dəqiqəsindən izləmək olar.
01:54-cü dəqiqədə isə drift edən daha bir tank T-72 görüntülənir. Yüksək sürətlə döngəyə girən tankın ekipajı idarəetməni itirir və nəticədə hərbi texnika aşır. Hadisə nəticəsində tanka ciddi ziyan dəymir və qısa təmirdən sonra yarışlarda işi davam etdirir. Qeyd edək ki, hərbi oyunlarda Çin, Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Hindistan, Küveyt, Qırğızıstan, Monqolustan, Venesuela, Serbiya, Anqola, Tacikistan və Nikaraquadan 43 komanda iştirak edib. Yarışlar Rusiyanın 11 müxtəlif poliqonunda təşkil olunub.