"Bakı Metropoliteni" mövcud metro kartlarının girov dəyərinin qaytarılması ilə bağlı məsələyə növbəti dəfə aydınlıq gətirib.
PressNews.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nəsimi Paşayev məlumat paylaşıb:
"Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq "Bakı Metropoliteni" QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı 15 avqust 2015-ci il tarixi gecə saat 24:00-dan etibarən dayandırılacaq.
Avqust ayının 31-nə kimi isə metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək.
1 sentyabrdan 30 sentyabra qədər isə mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı olacaq. Yəni gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan Bakıkarta transfer edilə bilər".
Xatırladaq ki, "Bakı Metropoliteni" artıq bir dəfə oxşar bəyanat yayıb.