PRESS NEWS AZERBAIJAN

YAP-dan üzvlərinə seçki xəbərdarlığı

17.08.2015

 

Rəsmi sərəncamla parlament seçkiləri günü elan olunduqdan sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyəti hansı dairədən hansı namizədin irəli sürüləcəyi ilə əlaqədar qərar qəbul edəcək.

 

Bunu PressNews.Az-a YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

S.Novruzov qeyd edib ki, YAP-da seçkilərə hazırlıq işləri davam etdirilir, zona müşavirələri keçirilərək imza toplayan şəxslərə təlimlər keçirilir.

 

Müxalifət mətbuatında YAP-da namizədlərin müəyyən edilməsində problemlərin olduğu barədə məlumata münasibət bildirən S.Novruzov bunun təxribat olduğunu deyib: "Bunlar hamısı yalan, böhtan və təxribatdır. Deyilənlərin heç biri həqiqətə uyğun deyil, bunlar ara qarışdırmaq istəyən qüvvələrin əməlləridir".

 

YAP üzvlərinin partiyadan kənar qaydada namizədliklərini verməsi mümkünlüyünə gəlincə isə S.Novruzov burada heç bir maneənin olmadığını qeyd edib.

 

O bildirib ki, bu məsələ ilə bağlı partiyanın qərarı var: "Qərar odur ki, Yeni Azərbaycan Partiyası rəsmi qaydada öz namizədlərini irəli sürür. Təbii ki, qanunvericilik normalarına uyğun olaraq, hər bir vətəndaş azad şəkildə seçmək və seçilmək hüququna malikdir.

 

Lakin burada bir məsələ var ki, bir siyasi partiyada bir əqidə ətrafında birləşən insanlar partiyanın nizamnaməsinə hörmətlə yanaşmalıdırlar və partiyanın qərarlarının əleyhinə getməməlidirlər. Əgər kimsə bu addımı atacaqsa, o, partiya adından deyil, fərdi qaydada namizədliyini irəli sürə bilər. Amma həmin namizəd partiyadan heç bir dəstək ala bilməz".

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload