İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskva səfəri öncəsi Türkiyəyə xəbərdarlıq edib.
O, İranın Suriya torpaqlarında təhlükəsizlik bölgəsinin qurulmasına qarşı olduğunu açıqlayıb.
Cavad Zərifin sözlərinə görə, təhlükəsizlik bölgəsinin yaradılması Suriyanın suverenliyinin pozulması anlamına gələcək: "Suriya torpaqlarında təhlükəsizlik bölgəsinin yaradılmasını bu ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması kimi görürük. Problemin beynəlxalq hüququn pozulmayacağı bir həll yolu olmalıdır”.
Avqust 11-də Ankaraya planlaşdırdığı səfəri təxirə salan İranın xarici işlər naziri avqustun 17-də Moskvaya səfər edəcək. Cavad Zərif həmkarı Sergey Lavrovla Suriya böhranı, İŞİD-lə mübarizə, nüvə razılaşması və digər məsələləri müzakirə edəcək.