PRESS NEWS AZERBAIJAN

Ucuz istirahətin yeni üsulu - Türkiyəyə Tiflisdən gedək!

20.08.2015

 

Bu cür səyahət paketi seçən azərbaycanlıları nə gözləyir; incə nüanslar, çətinliklər və sonda... 

Azərbaycanlıların yay istirahəti macəraları davam edir. Məzuniyyətini keçirən keçirib, keçirməyən hələ plan qurur, bəziləri isə... Azərbaycanın istirahət bölgələrini seçənlərlə yanaşı, ondan üz döndərənlər də az deyil. Sonuncuların seçimi isə heç şübhəsiz ki, Türkiyə olur.

 

Amma son 2 ildə ölkə vətəndaşı üçün ən optimal səfər variantlarından biri Türkiyəyə Tiflis üzərindən getməkdir.

 

Yerli turizm şirkətləri də vətəndaşlara turpaketləri iki variantda təqdim edir: Birbaşa Bakıdan gedəcəksiz, ya Tiflisdən? Məlum sualın verilməsi də əbəs deyil, çünki ortada ciddi qiymət fərqi var. Bakıdan olan turpaketi seçmək az qala lüks sayılır. Çünki AZAL şirkətinin təyin etdiyi qiymətlər sayəsində turpaketlərin qiyməti ceyran belinə çıxır. 

 

Tiflisdən Türkiyəyə istirahətə getmək.... 1500 azn qənaət deməkdir...

 

Turizm agentliklərinə müraciət edən vətəndaşlara ailəvi turpaketlər təqdim olunarkən məlum olur ki, buradakı məbləğin 70 faizini bilet qiymətləri təşkil edir. Çox vaxt da maddi imkanı nisbətən məhdud olan ailələr məhz biletlərin qiymətlərindəki şişirtməni görüb, bu paketdən imtina edirlər. Bir çox hallarda isə nisbətən ucuz variantlar üçün Bakı-Antalya-Bakı, Bakı-Bodrum-Bakı, Bakı-İzmir-Bakı turları əvəzinə Gəncə-Antalya-Gəncə, Gəncə-Bodrum-Gəncə ya da Tiflis-Antalya-Tiflis, Tiflis-İzmir-Tiflis turlarını seçirlər.

 

Son bir neçə ayda Tiflisdən baş tutan səfərlərlə bağlı seçimlər artıb. Belə ki, artıq yerli turizm şirkətləri də bunu əhaliyə variant olaraq təqdim edir. “Cibinə” qənaət etmək istəyən ailələr üçün bu seçimin üstünlüklərinə baxaq.

 

Elementar misal: 2 nəfərin Bakıdan 1 həftəlik Antalya istirahət paketinin qiyməti 1500 manatdırsa, bu, Tiflisdən 1000 manata başa gəlir. Ekspertlər  turpaketin tərkibindəki bütün xidmərlərin (hotel, istirahət şərtləri, qidalanma) eyni olduğunu, amma Tiflis turpaketlərinin qiymətinin iki nəfər üçün 500 manat ucuz olduğunu bildirir. Müşahidələr də göstərir ki, son vaxtlar xüsusən ailələr bu seçimə üstünlük verir. Çünki Bakıdan 4-5 min manata başa gələn 4 nəfərlik turpaketlər Tiflisdən uçuş seçimində 2000 manatdan baha olmur.

 

Şahin Cəfərli: “Biz eyni putyovka ilə Bakıdan uçsaq, təxminən 1000 manat artıq pul ödəməli olacaqdıq”

 

Bugünlərdə Türkiyəyə Tiflis üzərindən istirahət variantını seçən tanınmış jurnalist-ekspert Şahin Cəfərlinin də maraqlı təəssüratları var. Müsahibimiz deyir ki, Azərbaycan vətəndaşları, xüsusən də paytaxt sakinləri üçün xarici ölkələrə Bakıdan uçmaq fiziki baxımdan rahatlıq deməkdir. Onun sözlərinə görə, azyaşlı övladları ilə səfərə çıxan ailələr üçün bu faktor daha da önəmli hala gəlir: “Lakin məlum problem - yəni AZAL-ın xidmətlərinin həddən artıq bahalığı aşağı və orta gəlirli təbəqənin Gürcüstan vasitəsilə səfər etmək variantına üstünlük verməsinə səbəb olur. İnsanlar düşünür ki, AZAL-ın aviabiletinə külli miqdarda pul verməkdənsə, yol yorğunluğu da olsa, Gürcüstandan uçaram, pulum da cibimdə qalar. Məsələn, biz eyni ”putyovka" ilə Bakıdan uçsaq, təxminən 1000 (min) manat artıq pul ödəməli olacaqdıq. Bu səbəblə, Tiflis üzərindən Türkiyənin “Loukoster” firması vasitəsilə Türkiyəyə yollanmaq variantını seçdik. AZAL qiymət siyasətini əsaslandırarkən çox vaxt öz xidmətlərini, əsasən də yemək servisini önə çəkir. Halbuki 2,5-3 saatlıq uçuşlar üçün yemək o qədər də vacib deyil. “Loukoster” şirkətinin verdiyi buterbrod, şirə, çay yetərlidir. Təyyarələr yeni və təmizdir, müştərilərini vaxtında, etibarlı şəkildə mənzil başına çatdırır".

 

Ş.Cəfərlinin Gürcüstan vasitəsilə Türkiyəyə səfər edən vətəndaşlarımız üçün də maraqlı tövsiyələri var: “Bu formada səfər edən vətəndaşlarımız vaxt məsələsini uyğunlaşdırsalar, daha yaxşı olar. Gürcüstana çatdığınız vaxtla uçuş saatı arasında böyük fərq varsa, hotel-hosteldə yer tutmağınız lazım gəlir. Bu, ən çox qatarla gedənlərə aiddir. Qatar Tiflisə səhər saatlarında çatır, uçuşlar isə adətən gecə vaxtı olur. Aradakı təxminən yarım sutkalıq zamanı, sadəcə, şəhərdə gəzməklə, ya da gedib hava limanında gözləməklə keçirmək mümkün deyil, xüsusən də uşaqla getmisinizsə. Qalmaq üçün yer tapmalısınız, bunun isə öz çətinlikləri var. Əvvəla, turizm mövsümünün qaynar vaxtında qiyməti əlverişli olan hotel, yaxud hostel tapmaq çətindir. İkincisi də, bu, əlavə xərc deməkdir. Yemək amilini, eləcə də şəhər daxilində hərəkət və hava limanına getmək üçün taksi xidmətindən isitifadə etmək məcburiyyətini də əlavə etsək, heç də əhəmiyyətsiz olmayan əlavə xərc miqdarı ortaya çıxır”. 

 

“Tiflisə qatarla getmək məsləhət deyil”

 

Müsahibimiz Gürcüstan vasitəsilə Türkiyəyə uçan insanlarımıza qatarla getməyi məsləhət görmədiyini dedi. Onun sözlərinə görə, yay fəslində yolçuluq üçün qatardan istifadə etməyin bir mənfi tərəfi də ondan ibarətdir ki, sərhəd-gömrük yoxlaması təxminən 3 saat davam edir və bu müddətdə qatar dayandığı üçün kondisioner çalışmır: “Çarəsiz şəkildə gözləyirsiniz. Ən məqbul variant avtobus (və ya başqa avtomobillə) uçuş saatına yaxın bir vaxtda ”Sınıq Körpü"yə gedib çatmaq, sərhədi keçdikdən sonra taksi ilə birbaşa Tiflis hava limanına yollanmaqdır. İstənilən halda, Tiflis variantı maddi baxımdan daha sərfəlidir. Bu isə dünyanın hər yerində insanlar üçün ən vacib amildir".

 

Tiflis turistlərini gözləyən çətinliklər, incə detallar...

 

Bu günə qədər Tiflis üzərindən Türkiyənin Bodrum, Antalya, Quşadası.... kimi bölgələrinə istirahət edən bəzi turistlərimiz arasında apardığımız rəy sorğularının nəticəsi isə ortaya ilginc məqamlar çıxarır. Ucuz başa gəlsin deyə bəzən əziyyətə qatlaşmalı olan insanlarımız aşağıdakı nüansları nəzərə alsalar, daha rahat istirahət edər və bir çox hallarda xəyal qırıqlığı yaşamazlar: 

 

1. Türkiyəyə Tiflis üzərindən səyahət etmək istəyən Bakı sakini öncə Tiflisə çatmaq üçün ən uğurlu və rahat variantı seçməlidir. Maşını olan sakinlər təbii ki, şəxsi maşınları ilə Tiflisə qədər gedir və maşınlarını aeroportdakı dayanacaqda saxlayıb, uçuşunu gerçəkləşdirir. Və ya şəhərdəki məqbul qiymətə olan dayanacaqlardan birində maşınına yer tapıb, aeroportun yolunu tutur. 

 

2. Maşını olmayanlar isə ya qatar, ya da avtobus variantından istifadə edir. Qatar variantı barədə ekspertimizin yuxarıda dediyi fikirləri yaddan çıxarmayaq. Qatar çoxumuza “gecə yata-yata gedəcəm” arzusunun müşayiəti ilə çox maraqlı görünsə də, əslində sərhəddəki məşəqqəti də nəzərə almaq lazımdır. Üstəlik, bilet qiymətlərinə də diqqət edək. Bakı-Tiflis reysi üzrə bilet qiymətləri aşağıdakı kimidir: Pl (plaskart) - 13.26 AZN, KP (kupe) - 21.20 AZN, SV (xüsusi vaqon) - 42.92 AZN. 

 

3. Bir də Tiflisə çatmağın avtobus variantı da var ki, burda da incə detallara diqqət etmək lazım. Məlumdur ki, Bakı avtovağzalından Tiflisə gedən avtobusların hamısı bir qayda olaraq axşam saatlarında yola düşür. Axşam saat 22.00, 23.00 və 00.00-da... Bu isə avtomatik olaraq avtobusun səhər saat 7-8 radələrində Tiflis avtovağzalında olacağı anlamına gəlir. Qrafiki məhz bu səbəbdən həmin incəliklər üzrə - təyyarə reysinin saatı ilə avtobusun Tiflisə çatma saatının uyğunlaşdırılması - qurmaq lazımdır. Avtobus sürücülərinin dediklərinə inansaq, məhz Tiflisə, Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə hərəkət edən avtobuslara gündüz saatlarında yola çıxmaq qadağası rəsmən qoyulub. Bakı-Tiflis avtobuslarında gediş haqqı isə 12 AZN-dir. 

 

4. Avtobus variantında əlverişli bir məqam isə Bakı-Sınıq Körpü istiqamətinə hərəkət edən avtobuslardan istifadə etməkdir. Belə ki, Tiflisdən bir qayda olaraq gecə saatlarında baş tutan Türkiyə uçuşlarına çatmaq istəyən azərbaycanlılar Tiflisdə daha çox vaxt itirib, pul xərcləməmək üçün (təbii ki, əgər Tiflisdə səyahət planları yoxdursa) Bakı-Sınıq Köpü istiqamətində hərəkət edən avtobus və ya mikroavtobuslardan istifadə edə bilər. Təyyarənin uçuş vaxtına 4 saat qalmış Sınıq Körpüdə olmaq, sərhədi keçmək və ordan bir taksiyə 25-30 AZN ödəməklə Tiflis aeroportuna gəlmək mümkündür. 

 

5. Bir qədər də qanqaraldıcı məqamlar barədə. Yuxarıda da qeyd etdiyimiz kimi, Tiflisdən Türkiyənin şəhərlərinə uçuş bir qayda olaraq gecə saatlarında baş tutur, daha çox gecə 12-dən sonra. Bu isə təyyarənin həmin şəhərə 2-3 saat sonra çatacağına sübutdur. Aeroportda bir qədər ləngimə, sizi qarşılayacaq turizm agentliyi nümayəndələrinin turistləri qarşılama, avtobusla hotellərə paylaşdırma prosesini nəzərə alsaq, tətilinizin başlayacağı məkana ən geci səhər saat 5-6 radələrində çatmış olacaqsız. Əsl problem isə burda başlanır. Çünki hotellər müştərilərini günorta saat 2-dən sonra otaqlarında yerləşdirir. Hətta onların bron etdikləri hotel nömrələri boş olsa da. İzahat isə bu cürdür: otaqda təmizlik aparılmalı, ondan sonra turistlər yerləşdirilməlidir. Otaqlar beynəlxalq normalara görə, günorta 12.00-dən sonra boşaldılır. Bu isə Azərbaycandan gələn turistin gecə saat 5-dən günorta saat 2-yə qədər ailəsi ilə birgə hotelin lobbisində, divanda məskunlaşacağı anlamına gəlir. Doğrudur, həmin  müddət ərzində siz otaqda qalmanın xaricində hotelin bütün xidmətlərindən - yemək, hovuzda, dənizdə çimmək, əyləncə, attraksionlardan istifadə hüququ qazanırsız. Amma xüsusən də uşaqlı ailələr üçün bu gözləmə müddəti heç də az gərginliklə keçmir. Çünki rahatlanmağı otaqda uzanmaq, əşyaları yerbəyer etmək, uşaqları yuyundurmaq kimi qəbul edənlər üçün “lobbi variantı” işgəncədir. 

 

6. Səyahət bitəndən sonra Tiflisdən Bakıya qayıtmaq istəyənlər üçünsə daha əlverişli variantlar var. Onlar da aeroportdan Sınıq Körpüyə qədər taksiylə gəlib, burdan taksiylə məqbul qiymətə Bakıya gələ bilər. Çünki körpüdə Bakı istiqamətinə gedən minik avtomobili taksisi, eləcə də mikroavtobus xeyli saydadır. Məsələn, hazırda dediyimiz ünvandan Bakıya qədər 90 AZN-ə 4 nəfəri gətirən taksilər də var ki, bu, nisbətən əlverişli və rahat variant hesab oluna bilər.

 

Sonda... Bütün bu detalları oxuyandan sonra insan “belə əziyyətli tətilmi olar” deyə düşünsə