top of page

Göygölə gedəcəklər bu xəbəri mütləq oxusun!


Göygöl Milli Parkına gələnlərin sayı durmadan artır. Uzun fasilədən sonra insanlar Azərbaycanın qeyri-adi təbiət mirvarisini – Göygölü seyr edir və təbiətin bu füsunkar gözəlliyindən zövq alırlar. Təəssüflər ki, hələ də istirahətə gələnlər arasında təbiətə xor baxanlar var. Hər gün gölün ətrafından toplanan zibil tullantıları bunu deməyə əsas verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadov deyib.

“Bəzi insanlar hələ də qoyulan qaydalara əməl etməyərək parkın ərazisinə zibil atmaqla təbiətə ziyan vururlar. Buna görə, qərara almışıq ki, Milli Parkın ərazisini zibilləyənlər cərimə olunsunlar. Bununla yanaşı, onların adları “qara siyahı”ya salınsın və həmin şəxslər ikinci dəfə Milli Parkın ərazisinə buraxılmasınlar”,-deyə V.Cavadov bildirib. Onun sözlərinə görə, parka zibil atanların müəyyənləşdirilməsi üçün ərazidə təhlükəsizlik kameraları quraşdırılacaq.

Departament rəhbəri onu da əlavə etdi ki, hazırda Göygöl Milli Parkının ərazisində 25 ədəd zibil qutusu və 1000 ədəd zibil torbası qoyulub. Gələcəkdə onların sayının artırılması nəzərdə tutulub.

bottom of page