top of page

Kövrək misralar


Sona Vəliyeva, Filologiya üzrə fəlsəfə doktoru

YOLLAR

(Naxçıvana yeganə nəqliyyat təyyarədir)

Bənövşə ətirli, Araz nisgilli,

Yollarım sərhədsiz dünyamla birdi.

Ulduzlar yoluma çıraq tutanım,

Yerlər ayağıma çiçək səpirdi.

İndi səbrim kimi itərəm yolda,

Xəyal qanadına götürər məni.

Salam, anamsız ev, gec gəlib çıxdım,

Mən yolu qınaram, bu yerlər məni.

Min qınaq bir borcu ödəyə bilməz,

Ölənə, itənə çatmaq da çətin.

Yolu tək ümidi qeyb olanlara

Mənim qollarımı körpü eləyin.

Atamdır, Anamdır qırılan yollar,

İncik naləsindən sızlayır ürək.

Gedib ovutmağa üzümüz hanı,

Könlünü almağa kimi göndərək?

Yol əsir, yol küskün, neyləyək, Allah,

Leylasız Məcnundur insansız yollar.

Karvanı kəsilib, qatarı gedib,

Damar tək qoruyur bu cansız yollar.

Salam, ATA

Salam, ata, mənəm, gəlmişəm,

Sən demişkən, sənin şəhərli balan...

Amma elə deyil, vallah,

Mən şəhərli olammadım.

Tələbə oldum,

çox şeylər oxudum, bildim...

Amma misalımı

oxuduqlarimdan deyil,

nənəmdən, babamdan çəkdim.

Köməyimə gəldi

evdə də, işdə də

səndən, anamdan,

Hüseyn əminin lətifələrindən,

Fatma xalanın məsləhətlərindən

öyrəndiklərim.

Mən şəhərli olsaydım,

yuxularıma sahib çıxardım,

yuxularımda sərgərdanam, ata,

hər gecə yuxularımda

Kəndə - evimizə uçuram.

Elə bəxtəvər oluram ki,

qucaqlayıram qoca tut ağacımızı,

ağlayıram, gülürəm.

Atam, anam, bacım-qardaşım

deyirəm tut ağacına.

Qonşular yığılır ətrafıma

Anamı səsləyirlər,

"gözün aydın, balan gəlib" deyirlər.

Sökülən köhnə evimiz

əl çəkmir məndən,

anam oturub səkidə,

əli qoynunda,

məni yola salır Bakıya.

Ağlayır, su atır dalımca "ya qismət,

kim ölə, kim qala"...

Öyüd verir mənə...

İndi ki getdin, yaxşı oxu, bala...

Ata, elə o öyüdlə yaxşı oxudum, qurtardım.

Şəhərdə iş də tapdım,

O qalan qaldım,

Şəhərdə yaşadım, amma

şəhərli olammadım.

Dəli olur burda adam,

umacaqların təmənnaların əlində

mən də özün kimi,

nə desələr tez inananam.

Hamının özümə doğma sananam.

Ata, gur saçlarımın,

dağ havasına boyanan üzümün rəngini

deyən-gülən dəcəl qıznın ilk rəsmini

qəlbinə çəkdiyimdən

indi qaradinməz olmağımın

bət-bənizi solmağımın

fikrini çəkmə.

Yaşa dolduqca qəribləşirəm, ata, bu şəhərdə

həm də

min əzabla qurduğum evimdə.

Özüm burdayam,

həsrətim sənin yollara çəpər olan

kirpiklərinin ucunda,

ruhumsa yollar ayrıcında...

Atam mənim!

ÜRƏYİMƏ

(Ürəyindən ciddi şikayəti olan 18 yaşlı qızın dilindən)

Nə yaşım var ki,

başladın mənimlə

bu tərs oyunu.

Ay sinəmdə yumruq boyda

olan dünyam.

Nə yaşım var ki, hələ

tumurcuq arzular arxasından,

sehrli üzük halqasından

təzəcə baxıram bu dünyaya.

Yazmalı arzum var yazacağam.

Qalaq-qalaq işlər durur,

görəcəyəm.

Gəl, yola gedək deyirəm,

bir də ki, özüm bir şey deyiləm,

Saçını ağartdığın anamın

belini bükürsən.

Borcundan çıxa bilmədiyim

Atamın kirpiyində donaram

və bir də

bəxtimə yubanan, boylanan

bir "Vağzalı"nı

xəcalət-xəcalət,

için-için hönkürdə bilərsən.

Gəl, yola gedək deyirəm,

Sən ki özgə deyilsən.

bottom of page