top of page

Yanacağın qiyməti niyə ucuzlaşmır? – İki dövlət qurumundan fərqli AÇIQLAMA


Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, Azərbaycanda yanacağın qiymətində gözlənilən dəyişikliyin baş verməməsi bir sıra müzakirələrə səbəb olub. Maraqlıdır, dünya bazarında “qara qızıl” bahalaşanda müvafiq qurumlar buna adekvat operativ reaksiya verir və benzinin də qiymətini qaldırırlar. Əsas səbəb kimi isə neftin bir hissəsinin xaricdən alınması göstərilir. Dünya bazarında neftin qiyməti düşəndə isə buna müvafiq olaraq Azərbaycanda benzinin qiyməti enmir. Səbəb nədir?

Modern.az bu suala cavab tapmaq üçün rəsmi qurumlarla əlaqə saxlayıb. Azərbaycanda fəaliyyət göstərən iki böyük qurumun cavabı təxminən eyni olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib ki, bu sırf Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. “Xahiş edirəm, Tarif Şurasına müraciət edin”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevisə məsələnin SOCAR-ın səlahiyyətində olduğunu bildirib: “Bu SOCAR-ın səlahiyyətində olan məsələdir. Onlardan soruşun”.

İqtisadçı Vüqar Bayramov bunun səbəbini Azərbaycanda yanacağın qiymətinin dünya bazarındakı neftin qiyməti ilə birbaşa əlaqəli olmaması ilə izah edib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında neftin payı çox olsa da, neft idxal edən ölkə deyil: “Bu səbəbdən də Azərbaycanda benzinin qiyməti dünya bazarındakı neftin qiyməti ilə birbaşa əlaqəli deyil”.

Ekspert dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanda yanacağın qiymətinin enməməsinin səbəbini izah edərkən deyib ki, ölkəmizdə benzinin qiyməti tənzimlənən qiymətlərə aiddir:

“Nəzərə almaq lazımdır ki, dünyada neftin qiymətinin yüksək olduğu dövrlərdə Azərbaycanda benzinin qiymətinin bahalaşması ilə bağlı qərar qəbul edilməyib. İstehsalçı ölkələrdə benzinin qiymətinin neftin revalver qiyməti ilə uyğunlaşdırılması praktik olaraq mümkün deyil. Çünki neft ölkə daxilində istehsal olunur. Eyni zamanda, manatın devalvasiyasından sonra benzinin qiyməti dollarla ifadəsində azalıb”.

Vüqar Bayramovun fikrincə, Azərbaycanda yanacağın ucuzlaşması üçün vergilər azaldılmalıdır:

“Nəzərə alaq ki, hazırda neft məhsullarının satışından büdcəyə daxilolmalar var. Benzinin xərci neftin qiymətindən baha olsa da indiki məqamda yanacağın ucuzlaşması vergilərin azaldılması deməkdir.

Çünki, benzinin qiymətinin əsas hissəsini vergilər təşkil edir.

Vergilərin azalması isə dövlət büdcəsinə daha az vəsaitin cəlbi deməkdir. Bu baxımdan neftin revolver qiymətinə uyğun olaraq benzinin qiymətinin tənzimlənməsini istəyiriksə neftin dünya bazarında qiyməti aşağı olan zaman vergilər də azalmalıdır.

Hesab edirəm ki, hazırda benzinin mövcud qiymətinin qorunub saxlanılması mümkündür və buna çalışmaq lazımdır.

Əslində yanacağın qiymətinin aşağı salınması ilə bağlı Dövlət Neft Şirkəti deyil, Tarif Şurası qərar verir.

Çünki benzin tənzimlənən qiymətlər sırasındadır. Tarif Şurası istənilən zaman benzinin qiymətinin ucuzlaşması ilə bağlı qərar verə bilər. Amma indiki məqamda bu real görünmür. Çünki nəticə etibarilə büdcəyə daxilolmaların azalmasından söhbət gedir”.

bottom of page