top of page

Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO


Pressnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəsinin Dövlət bayramı - Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə ölkəmizdə böyük önəm verildiyini dedi və bu səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğunu vurğulayaraq, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Azərbaycanla Rusiyanın beynəlxalq qurumlar çərçivəsində də fəal və uğurlu qarşılıqlı fəaliyyət göstərdiklərini bildirən Prezident İlham Əliyev dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə ölkələrimizin həyata keçirdikləri mütəmadi məsləhətləşmələrin də önəmli olduğunu bildirdi. Prezident İlham Əliyev dedi: "Bunlar ölkələrimiz arasında bütün sahələri o cümlədən siyasi, iqtisadi, energetika, humanitar sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq münasibətlərinin ən bariz nümunəsidir. Biz ikitərəfli münasibətlərimizi bundan sonra da səmərəli və uğurlu inkişaf etdirmək niyyətindəyik." Prezident İlham Əliyev bugünkü görüş zamanı da məhsuldar və konstruktiv müzakirələrin aparılacağına əmin olduğunu bildirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Rusiya xarici işlər naziri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ən səmimi salamlarını dövlətimizin başçısına çatdıraraq dedi: "Rusiya Federasiyasının Prezidenti yüksək səviyyədə təşkil olunan və keçirilən ilk Avropa Oyunlarının açılış mərasimində iştirakını və səfəri çərçivəsində sizinlə görüşünü məmnunluqla xatırlayır. Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər".

İki ölkə xarici işlər nazirlikləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığımızın da ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Əlaqələrimizin müxtəlif sahələrinə toxunan Rusiya Xarici işlər naziri bildirdi: "Bu ilin avqustunda Xəzər donanmasının 3 hərbi gəmisinin Azərbaycana səfərinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı bildirirəm və ümidvarıq ki, azərbaycanlı dostlarımız bu ilin sentyabrında Sverdlovsk vilayətində keçiriləcək hərbi-texniki məhsulların sərgisində iştirak edəcəklər".

Humanitar, o cümlədən təhsil, mədəniyyət sahələrində də əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Sergey Lavrov qeyd etdi ki, bu sahələrdə əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir". Bu gün Bakıya səfərindən qabaq Prezident İlham Əliyevin və özünün təhsil aldıqları Moskva Beynəlxalq Münasibətlər İnstitutunda "Bilik Günü" ilə bağlı çıxış etdiyini bildirən Rusiya Xarici işlər naziri institutun rektorunun Prezidentin İlham Əliyevin bu təhsil ocağının məzunlarının ilk görüşünü Azərbaycanda keçirmək təşəbbüsünü bir daha məmnunluqla vurğuladığını dedi. İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiya Xarici işlər naziri qeyd etdi ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğuladı. Sergey Lavrov Rusiya Federasiyasına göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul edilmiş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini dedi və bunu yüksək qiymətləndirdi. Bugünkü görüşün ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını bildirən Sergey Lavrov bu münaqişənin həllində müəyyən irəliləyişlərin əldə olunacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

bottom of page