Azərbaycanda benzinin qiymətinin dəyişməsi məsələsi gündəmdə deyil. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə əsasən, uzun müddətdir Azərbaycanda benzinin qiyməti 1 barel neftin orta hesabla 60-62 dollar qiyməti əsasında müəyyənləşdirilib.
R.Abdullayev qeyd edib ki, Azərbaycanda istehsal edilən Aİ-92 markalı benzinin qiyməti təsirə məruz qalmayıb və dünya bazarlarında neftin qiymətləri ilə bağlıdır: "Üstəlik, yerli istehsallı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir".
O, xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinlərin tarifində fərqi və onların bazar tərəfindən tənzimləndiyini qeyd edib: "Lakin onlara tələbat o qədər azdır ki, yarım il əvvəl idxal edilən benzin hələ də satılmayıb. Aİ-95 markalı benzini ölkə daxilində istehsal edəndə onun satış həcmi ildə 150 min ton təşkil edirdi. Onu xaricdən idxal etməyə başlayanda əhali daha ucuz Aİ-92 markalı benzindən istifadəyə keçdi. Bununla da Aİ-95 markalı benzinin satış həcmi ildə 25 min tonadək azalaraq 6 dəfə azaldı. Bununla belə, 7 ay əvvəl gətirilən həcmlər hətta sonadək reallaşdırılmayıb".
SOCAR-ın prezidenti diqqətə çatdırıb ki, dünya bazarında neftin qiymətlərinin ucuzlaşması yalnız Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinə təsir edə bilər: "Bu, bir neçə şirkət arasında rəqabətin mövcud olduğu açıq bazardır, buna görə də qiymətlər rəqabtə görə azala bilər. Lakin neftin qiymətlərinin artması ilə bu markalı benzinlərin qiyməti də artacaq. Aİ-92 markalı benzinin qiyməti sabitdir və Tarif Şurası tərəfindən təsdiq edilib. Bu markalı benzinin qiymətində dəyişiklik gözlənilmir".