PRESS NEWS AZERBAIJAN

Beşqat prezident

12.10.2015

 

 

Belarus prezidenti bu seçkilərin Qərblə münasibətləri yaxşılaşdırmağa xidmət edə biləcəyini deyib.

 

Aleksandr Lukaşenlo beşinci dəfə Belarus prezidenti seçilib. Belarusda Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezidenti Aleksandr Lukaşenko seçicilərin 83,49% səsi yığaraq yenidən respublikanın başçısı seçilib. “Belta” agentliyinin verdiyi məlumata əsasən, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Lukaşenko Minskdəki 1 saylı seçki məntəqəsində səs verib. O, məntəqəyə kiçik oğlu Nikolayla gəlib və bülleteni qutuya o salıb. Lukaşenko 1994-cü ildən ölkə başçısıdır. 2010-cu ildə keçirilmiş prezident seçkisindən sonra siyasi müxalifət liderlərinə edilən təzyiqlər və həbslərə görə, Avropa İttifaqı Belarusa qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar ümumilikdə 201 fiziki şəxsə və 18 şirkətə şamil olunub. Amma qurum seçki ərəfəsində bildirib ki, əgər Belarusda növbəti prezident seçkisi zamanı və ondan sonra siyasi liderlər və fəallara qarşı təzyiqlər olmasa, Lukaşenko da daxil olmaqla bu sanksiyaların bir hissəsi qaldırılacaq.

Onu da qeyd edək ki, Belarusda 36 faiz seçici bir gün əvvəldən səs verib.

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 36,05 faizi oktyabrın 10-da - vaxtından əvvəl səs verib. Bu göstərici ötən seçki ilə müqayisədə yüksəkdir. 2010-cu ildə vaxtından əvvəl səsvermədə 23.1 faiz iştirak etmişdi.

Vaxtından əvvəl səsvermə seçki günü məntəqəyə gələ bilməyənlər üçündür. MSK sədri Lidiya Yermoşina deyib ki, səsverməyə vaxtından əvvəl bu qədər seçicinin qoşulması normal haldır və onu göstərir ki, seçicilərin 80 faizindən çoxu səsvermədə iştiraka hazırdır. 

Öz növbəsində Belarus prezidenti Aleksandr Lukaşenko keçirilən seçkilərin Qərblə münasibətləri yaxşılaşdırmağa xidmət edə biləcəyini deyib. Onun sözlərinə görə, Qərbin Belarusda seçki ərəfəsində görmək istədikləri yerinə yetirilib. Lukaşenko qeyd edib ki, Qərb Belarusla münasibətlər qurmaq istəyir və buna heç nə mane olmayacaq. Belarus dövlət başçısı ölkəsinin digər ölkəyə hücum meydançası olmayacağını da deyib.

Prezidentliyə namizəd, “Vətənpərvərlər partiyası”nın sədri Nikolay Ulakoviç 54 saylı məntəqədə səs verib və bundan sonra jurnalistlərin suallarını cavablandırıb. Digər namizəd, Liberal-Demokrat partiyasının lideri Sergey Qaydukoviç də həyat yoldaşı Alla ilə birlikdə Semkovada özünə səs verib.

“Düz danış” vətəndaş cəmiyyəti kampaniyasının lideri Tatyana Korotkeviç isə səsverməyə həyat yoldaşı ilə birlikdə gəlib və öz adının qarşısına qələbə işarəsi qoyub. O bundan sonra deyib ki, bu səs ümumi ideyalar üçün lazımdır. 

Bir gün öncə Minskdə icazəsiz aksiya keçirən müxalifət seçkini boykot etməyə çağırıb. Müxalifət saxta seçki nəticəsində Lukaşenkonın qalib gələcəyini iddia edirdi. 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Svetlana Aleksieviç də bu fikirdədir. Müxalifət iddia edir ki, dövlət müəssisəsində çalışanlara, xüsusilə də xəstəxana işçiləri və tələbələrə səsvermə ilə bağlı təzyiqlər edilib.

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR