PRESS NEWS AZERBAIJAN

Latviyanın Müstəqillik Gününə həsr olunmuş qəbul - FOTOLAR

26.11.2015

 

Latviyanın Azərbaycandakı səfirliyi Latviyanın Müstəqillik Gününün 97-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirib. Tədbirdə Azərbaycan və Latviya hökumətlərinin rəsmi şəxsləri, həmçinin Azərbaycanda akkreditə olunmuş müxtəlif ölkələrin diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

 

Salamlama nitqi ilə çıxış edən Latviyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Yuri Maklakovs bəyan edib ki, Latviya Azərbaycanla dostluq münasibətlərinin qurulmasına xüsusi əhəmiyyət verir. Səfir qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla Azərbaycan bu qitənin enerji müstəqilliyinin əsas atributlarından birinə çevrilir.

 

Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola bildirib ki, rəsmi Riqa Latviya-Azərbaycan ikitərəfli əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi naminə bütün zəruri addımları atır. Nazir qeyd edib ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün bizim ölkələr bütün lazımi potensiala malikdirlər.

 

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə bütün qonaqları Azərbaycan hökuməti adından təbrik edib. O vurğulayıb ki, müstəqillik illərində Latviya böyük nailiyyətlər əldə edib, o cümlədən, Avropa Birliyi kimi mötəbər qurumun tamhüquqlu üzvü olub. Mahmud Məmmədquliyev deyib ki, Latviya bir çox sahələrdə böyük təcrübə toplayıb və bununla Azərbaycanla bölüşə bilər.