top of page

“Uçan dollar” və bizim qəribə taleyimiz...

Nə vaxtsa dollar barədə belə şəkildə yazı yazacaqımı heç ağlıma da gətirməzdim. Çünki bu zəhərə qalmış “yaşıl kağız” heç bu qədər günümüzü qaraltmamışdı. Amma bu dəfə möhkəm qaraltdı. Təkcə arzularımızı və xəyallarımızı deyil, həm də yaşadığımız dünyanın xəyallarını da hər an “başına yıxmaq”gücündə olan “yaşıl kağız”hazırda dünyanı təşvişə salan“ölüm maşınına”çevrilib.Həm də başabəla “qara qızıl” ilə birlikdə..

Dünyanın işlərini bilmək olmur. Bir gecədə baş verənlər lap nağıllarda olduğu kimi baş verdi. Uşaq nağıllarında axşam qar-boran, tufan olur, səhər ayılanda hər yeri ağ-appaq qar görürdük. Bir dekabr səhərində ayılanda hər yeri dollar kabusuna çevrilən gördük. Bu dollar qar kimi ağ-ağğaq olmasa da, bu yaşıl zəhrimar həm də uşaqlıq illərinin nostaljisini adamın yadına salır...

İndi məlum olur ki, dünyanın altını üstünə çevirən müharibələrin, dövlətlərin daxilini “toz-dumana” çevirib xaos və anarxiya yaradan, bu cür siyasi ssenarilərin əsas fiquru olan “qara qızıl” və “yaşıl kağız”, yenə iş başındadırlar. Amma bu dəfə nə “ərəb baharı” formasında, nə “narıncı inqilab köynəyində”, nə də başqa bir ölüm-itim formasında. Sadəcə bu dəfə daha dəhşətli bir ssenaridə ortaya çıxıblar bu ölümcül ikili!. Vladimir Putini çökdürmək üçün “yola çıxıblar”. Amma bu yol bizim də havamızı qaraldır yamanca...

Açıq-aşkar məlumdur ki rəsmi Vaşinqton son bir neçə ildə keçmiş Rusiya imperiyasını ayağa qaldırmağa çalışan, onunla kəllə-kəlləyə gələn Vladimir Putini “yerində oturtmaq” və keçmiş KQB zabitinin yaratdığı qorxunc xofu birdəfəlik aradan götürmək üçün Moskvaya ölümcül zərbə endirməyi qərara alıb. Ağ Ev, “ovunu” elə məqamda yaxaladı ki, Krem sahibi dünənə qədər dost və həttda müttəfiq kimi yaxınlaşdığı Türkiyə ilə az qala müharibə vəziyyətindədir. Ağıl almaz şəkildə Türkiyənin hava sərhədini pozaraq orada güc nümayiş etdirmək fikrinə düşən, bununla da Ankaradan başqa Ağ Evə və dünyadakı hər kəsə Birinci Pyotrun vəsiyyəti üçün qollarını çırmaladığını göstərən V.Putin, indi də dolların və “qara qızılın” ölümcül zərbəsi ilə üz-üzə qalıb.

Məsələ burasındadır ki, Vaşinqtonun “dollar müharibəsi” təkcə V.Putini hədəfə almaylb. Yuxarıda dediyim kimi, biz qarışıq hər kəs ABŞ ilə Rusiya arasında davam edən “dollar müharibəsinin” qurbanı oldu. Rusiyanı “mədəni şəkildə” çökdürməyi hədəfləyən amerika, neftin qiymətini son illər ərzində ən aşağı həddə çatdırmaqla və özü də 40 ildən sonra neft ixracına qoşulmaqla, açıq-aşkar V.Putini birinci Pyotr olmaq xülyasına düşdüyü üçün möhkəm peşiman etməyə çalışır. Dəyən də, bizə dəyir a kişi. V.Putinlə B.Obamanın “kəllə döyüşündən” yenə biz uduzuruq.

Bu, dolların qalxması ilə bağlı ilkin səbəblər və nəticələr bir başqa məsələ, bizim bundan çəkdiyimiz tam başqa məsələ. Məni özümüzün bu “dollar müharibəsinin” ilk günlərində nələr çəkdiyimiz maraqlandırır və baş verənləri sadalayacam. Amma bir neçə kəlmə ilə. Onsuz da “görünən dağa nə bələdçi”...

Dollar bahalaşan kimi, bizim Hacı Qaralar nəyi var “iş başına keçdilər”. Var gücləri ilə yaranmış vəziyyətdən öz xeyirləri üçün istifadə etməyə can atdılar. Yenə 100 illərdən üzübəri gələn vərdişimiz işə düşdü. Dünənə kimi çörək tapmayıb sonradan harınlayan bəzi işbazlar, “millət necə tarac olursa olsun nə işim var” prinspini məharətlə ortaya atdılar.

A kişi, bəziləri adi yumurtanı elə şəkildə bahalaşdırdılar ki, adamın toyuqların əzablı zəhmətinə hayfı gəldi. Lap “yumurta dönüb qızıla, xəbəri yox toyuqların” məsələsi yumordan əsl reallqıa çevrilmişdi. Bir başqası 40 qəpiklik çörəyin çəkisini qram-qram “əridib” əsl bulkaya çevirdilər. Qardaşım, yumurta da, taxıl da özümüzdə istehsal olunursa, bunu artırmaqa nə ehtiyac?. Bunlar da dollarla alınmır ki?. Nə vaxtdan toyuqlar dollarla yumurtlayır axı?. Hanı sənin iqtisadi vətənpərvərliyin?. Axı bu torpaqdan çörək yeyirsən ay zalım. Öz cammatının boğazına bıçaq dayamaqla qazandıqlarını axıra kimi necə boğazından “aşıracaqsan”?.

Yox, vallah, billah düzələn deyilik. Ta Hacı Qaradan üzübəri necə vardıqsa yenə eləyik. Vətənpərvərlik, cammatı düşünmək bizim bir para “hacı qaralarımızda” yoxdur. Çətin ki bundan sonra da olsun. Uç dollarım, uç...

bottom of page