Azərbaycanın Fransadakı səfiri ilə erməni rəsmisi arasında debat baş tutub.
Anspress-in məlumatına görə, Fransanın “France 24” televiziya kanalı vasitəsilə yayımlanan debatda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Ermənistanın Dağlıq Qarabağda növbəti təxribat törətməkdə məqsədinin işğal etdiyi torpaqları daha da genişləndirmək olduğunu bildirib.
Diplomat 613 dinc azərbaycanlı sakinin bir gecədə qətlə yetirildiyi Xocalı soyqırımının erməni barbarlığının kuliminasiya nöqtəsi olduğunu vurğulayıb və status-kvonun qəbuledilməz olduğunu diqqətə çatdırıb. Münaqişənin həllinə gəldikdə isə o bildirib ki, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamə və qərarlarına Ermənistan riayət etməlidir.
Debat zamanı Fransadakı erməni təşkilatları koordinasiya şurasının həmsədri Murad Papazyan isə öz növbəsində dövlətinin tutuğu mövqeyə və beynəlxalq hüquq normalarına sığmayan siyasətinə haqq qazandırmağa çalışıb.
Keçən həftə isə Ermənistanın Fransadakı səfiri azərbaycanlı səfirlə birbaşa debatdan boyun qaçırıb.