Aprelin 25-30-da respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin "Respublikada İmmunlaşdırma həftəsi"nin keçirilməsi barədə" imzaladığı əmrə əsasən, bu müddətdə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqlar peyvəndlərə cəlb olunacaqlar.
Əmrdə respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır. Eyni zamanda, "İmmunlaşdırma həftəsi"nin nəticələri haqqında məlumatların 20 may 2016-cı il tarixədək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, cari ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunmuş konfransın keçirilməsi, "İmmunlaşdırma həftəsi"nin yekun nəticələri haqqında məlumatların 27 may 2016-cı il tarixinədək Səhiyyə Nazirliyinə təqdim edilməsi barədə tapşırıqlar verilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda "İmmunlaşdırma həftəsi" keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi 2007-ci ildən bu tədbirə qoşulur.