Ermənistan silahlı qüvvələri cəbhə xəttində yenidən təxribata əl atıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bu gecə saat 02:00 radələrində başlayan atışma səhər saatlarınadək davam edib. Gərginlik ən çox cəbhənin Tərtər istiqamətində yaşanıb.
Ermənilər tanklardan və ağır artilleriyadan istifadə etməklə Tərtər şəhərini və rayon ərazisini atəşə tutub. Düşmənin hücumu Azərbaycan Ordusunun sərt cavab atəşi ilə dayandırılıb. Geri çəkilən Ermənistan Silahlı Qüvvələri bu dəfə də yaşayış məntəqələrinə atəş açıb. Buna baxmayaraq, cəbhə xəttinə ən yaxın yaşayış məntəqələrinin dinc sakinləri evlərini tərk etməyib. Üstəlik, ətraf rayonlardan yüzlərlə gənc cəbhəyanı kəndlərə axışaraq, döyüşə atılmaq üçün əmr gözləyib. Səhərə yaxın düşmən mövqeləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qətiyyəti sayəsində tamamilə susdurulub.
Mamed Şükürov birinci Qarabağ müharibəsində bir oğlunu şəhid verib. Hazırda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayır. Onun iki arzusu var - ata-baba torpaqlarını işğaldan azad etmək və oğlunun qisasını almaq.
Tərtər, Bərdə və Ağdam mərkəzi xəstəxanalarından verilən məlumata görə, 5 saat davam edən atışma zamanı dinc əhali arasında xəsarət alan olmayıb. Tərtər Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, 6 yaşayış məntəqəsində 17 fərdi ev və həyətə mərmi düşüb.
Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.