“İşğala baxmayaraq, Azərbaycan inkişaf edir. 2014-cü ilə qədər Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri olub”. APA-nın məlumatına görə, bunu Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı xatırladıb ki, Azərbaycanda qadınlar əsrin əvvəlində səsvermə hüququ qazanıblar: “Azərbaycan zəngin enerji resurslarına malikdir, lakin əsas məqsədimiz “qara qızıl”ı insan kapitalına çevirməkdir. İslahatların aparılması göstərir ki, iqtisadiyyatımız şaxələndirilmiş iqtisadiyyatdır, neft və qazdan asılılığımız azalır”. Prezident Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb: “Şərq-Qərb nəqliyyat dəhlizi yeni bir İpək Yolu olacaq. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr qarşılıqlı əlaqədədirsə, daha çox inkişaf edirlər. Biz daha yaxşı əməkdaşlıq formalarının yaranması istiqamətində çalışırıq. Multikulturalizm, tolerantlıq region xalqlarının həyatını daha da yaxşılaşdıracaq”.