Rusiya türkmən-əfqan sərhədindəki vəziyyətdən narahatdır
Son vaxtlar Mərkəzi Asiya ölkələrində konkret olaraq Türkmənistan və Qazaxıstanda yaranmış durum rəsmi Moskvanı bir sıra addımlar atmağa vadar edib. Belə ki, Rusiya rəhbərliyi regionda baş verənlərə görə tənqid olunurdu. Görünür, Kreml bu tənqidlərdən nəticə çıxarmağa başlayıb və müdafiə naziri Sergey Şoyqunu region ölkələrinə səfərə yollayıb. Nazirin ötən həftə region ölkələrinə etdiyi səfərin təfərrüatları da bəlli olub. Xüsusən də Türkmənistanın Əfqanıstanla sərhəd ərazilərində vəziyyətin gərginləşməsi Moskvanı bu ölkədə fəaliyyətini gücləndirməyə vadar edib. Rusiyalı nazir Aşqabadda türkmən tərəfinə Əfqanıstanla sərhədlərin güclənməsi məqsədilə yardım və bir neçə yüz min dollarlıq ən müasir silah verməyə hazır olduğunu bəyan edib. Analoji danışıqlar Qazaxıstanla da aparılıb.
Qeyd edək ki, rusiyalı nazir Türkmənistana Astanadan sonra səfər edib. Astanada nazir Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edib. Müdafiə nazirləri “şər qüvvələrinin üç qüvvəsi – ekstremizm, terrorizm və separatizmə qarşı birgə mübarizə” barədə razılıq əldə ediblər. Rusiyalı nazir qazax tərəfi ilə təkbətək görüşdə terror təhlükəsinin “sarı” səviyyəsinin elan edildiyi Aktobedəki hadisələrə böyük önəm verib və ölkəsinin Astanaya hər cür, hətta təcili hərbi yardım göstərməyə hazır olduğunu bildirib. S.Şoyqu əlavə edib ki, Rusiya əvəzsiz olaraq Qazaxıstana Hava Hücumundan Vahid Müdafiə Sistemini gücləndirmək məqsədilə C-300 PS zenit raket sistemlərinin təqdim edib. “Perspektivdə ümumi müdafiə potensialının yaradılması nəzərdə tutulur. Bu sistem istənilən təhlükənin qarşısını almaq iqtidarındadır”, - deyə rusiyalı nazir vurğulayıb. Qazaxıstan da Rusiyanın ən müasir silahlarına maraq göstərir. Qazaxıstan müdafiə naziri İmanqali Tasmaqambetov bildirib ki, Suriyada xidmət edən Rusiya ordusu bütün dünyaya nümayiş etdirdi ki, planetin istənilən yerində uğurla hərbi əməliyyatlar keçirmək iqtidarındadır.
Ümumiyyətlə, postsovet məkanı ölkələri ilə hərbi-texniki əməkdaşlığın gücləndirilməsi Rusiyanın prioritet istiqamətlərindən biri olaraq qalır. Bu sırada Türkmənistan da var. Rusiya nəşrləri iddia edirlər ki, Türkmənistan postsovet məkanında inteqrasiya proseslərindən geri alır. Qeyd edilir ki, türkmən-əfqan sərhədində yaranmış gərginlik Moskvanı ciddi narahat edir. Moskva bir neçə dəfə türkmənlərə yardım göstərilməsi təklifi ilə çıxış etsə də, qarşı tərəf bundan mülayim şəkildə imtina edib. İlk dəfə bu yardımı bir il öncə Rusiya XİN rəhbəri Sergey Lavrov təklif edib. Prezident Qurbanqulu Berdıməhəmmədov də bunu rədd edib. Rusiya isə istəyində israr edir və Aşqabadı inandırmağa çalışır ki, onlar öz sərhədlərini təkbaşına qorumaq iqtidarında deyillər. Bu dəfə isə Şoyqu türkmən prezidentinin dilə tutmağa çalışıb. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Müasir Şərqin öyrənilməsi Mərkəzinin aparıcı elmi işçisi Şöhrət Kadırov hesab edir ki, Rusiyanın bu ölkədə iştirakı yox dərəcəsindədir. Bu səbəbdən də Moskva Aşqabadı müasir silahlar verməklə burada möhkəmlənməyə çalışır. Böyük ehtimalla da türkmən tərəfi bu dəfə Rusiya silahlarını qəbul edəcək. Birincisi, bu silahlar başqa ölkələrin silahları ilə müqayisədə çox ucuzdur. İkincisi, Rusiya silahının alınması ilə bağlı ənənəvi əlaqələr var. Rusiyalı ekspert hesab edir ki, Türkmənistan başqa ölkədən də silah ala bilər. Lakin mütəxəssislərin qənaətincə, Türkmənistanın mövcud iqlimində ən yaxşı məhz Rusiya silahı işləyir. Rusiyanın bu ölkədə rolunu artıran tək silah satışı deyil, həm də onun ehtiyat hissələrinin satışıdır. Məhz bu da münasibətləri uzunmüddətli edib. Böhran şəraitində isə Rusiya silahı bu ölkəyə lizinq yolu ilə satılır. Ekspertlərin qənaətincə, hər iki ölkə üçün belə münasibətləri saxlamaq sərf edir. Bundan əlavə, Türkmənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edir. Lakin Türkmənistanla hava hücumundan vahid müdafiə sisteminin yaradılmasından danışmaq tezdir. Rəsmi Aşqabad heç bir halda buna getmir. Türkmənlər gözəl anlayır ki, belə bir sistemə qol qoymaq onların müstəqilliyinin qismən də olsa itirilməsi deməkdir.
Ümumiyyətlə, ekspertlərin böyük əksəriyyəti Şoyqunun Aşqabad səfərinin iki ölkə arasında hərbi sahədə ciddi bir dönüşə səbəb olacağına ümid etmirlər. Rusiyalı ekspertlər buna səbəb kimi Türkmənistanda Türkiyənin təsirinin güclənməsini qabardırlar. Türkmən tərəfi isə hesab edir ki, Rusiya nəşrləri türkmən-əfqan sərhədində vəziyyətin gərginləşdiyi barədə xəbərləri şişirdirlər. Onların qənaətincə, Türkmənistan tərəfi bu təhlükənin qarşısını müstəqil şəkildə almaq iqtidarındadır. Ən maraqlısı isə odur ki, rusiyalı politoloqlar daha çox Aktobe ssenarisini qabardırlar. Onların qənaətincə, həmin hadisələr göstərdi ki, Mərkəzi Asiyanın heç bir dövləti terror təhlükəsinə neytral qala bilməz. Və gətirdikləri əsas arqument də odur ki, məhz Rusiyanın təcrübəsi həmin təhlükələrin qarşısını birlikdə almağa kömək edir. Ancaq region dövlətlərinin çətin ki, Rusiyanın çağırışlarına tam şəkildə səs versinlər.
Azər NURİYEV