PRESS NEWS AZERBAIJAN

Bu gün Bakıda daha bir tarixi hadisə gerçəkləşəcək

27.09.2017

 

Müstəqillik dövrümüzdən başlayaraq böyük uğurlar qazanan idmançılarımız daha bir tarixi nailiyyətə imza atıblar. Hazırda Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycanın Ağdam şəhərinin “Qarabağ” klubu ölkəmizin futbol tarixində böyük nailiyyətə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz qrup mərhələsində dünyanın ən güclü klubları ilə mübarizə aparır.

Bu gün isə Azərbaycanda ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunu keçiriləcək. “Qarabağ” “Roma” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçda maksimum sayda azarkeş iştirak edəcək. “Qarabağ” - “Roma” oyunu üçün satışa çıxarılmış bütün biletlər - 67 min 500 bilet satılıb. Bu da futbol tariximizdə yeni rekord deməkdir. Belə ki, indiyədək Azərbaycanda heç bir futbol oyununa bu sayda azarkeş kütləsi gəlməyib.

Bakı Olimpiya Stadionunun heyəti də tarixi oyun üçün bütün hazırlıqları tamamlayıb. Arena qarşılaşma və azarkeşləri qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

Digər qurumlar da sözügedən oyunla bağlı xüsusi hazırlıq işlərinə başlayıblar. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi “Qarabağ” - “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Bu gün futbol matçını izləmək üçün xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, şəxsi avtomobillər stadionun ərazisinə buraxılmır. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmaları üçün alternativ olaraq metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından həmin arena istiqamətində xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.

“Qarabağ”-“Roma” görüşünü izləyəcək biletli tamaşaçıları daşıyacaq ekspress xətt avtobuslarının rahat, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) də hazırlıq işləri görüb.

Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat terminalında hərəkətin təhlükəsizliyi üçün zəruri olan infrastruktur yaradılıb. Əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq.

Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq.

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.

“Qarabağ” klubu güclü rəqibinə qarşı əzmlə oynayacaq. Komandamız rəqibin adından, nüfuzundan və gücündən asılı olmayaraq, qələbə üçün mübarizə aparacaq. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov müsbət nəticə qazanmağa çalışacaqlarını bildirib. 45 yaşlı mütəxəssis, bu görüşə yaxşı hazırlaşdıqlarını, daha yaxşı çıxış edəcəklərini vurğulayıb. O, heyətdə müəyyən dəyişikliklərini olacağını, ən hazırlıqlı futbolçuların xidmətindən yararlanacağını deyib.

 

 

 

“Roma” klubu daha təcrübəli və güclü futbolçulardan təşkil olunsa da, “Qarabağ”la oyuna ciddi hazırlaşıb. Komanda ilk oyunda heç-heçə etdiyinə görə, mütləq qələbə qazanmalıdır. Klubun baş məşqçisi Eysebio Di Françesko ən hazırlıqlı olan futbolçuların heyətdə yer alacaqlarını bildirib. O, “Qarabağ” klubunun qrup mərhələsinədək necə irəliləməsindən xəbərinin olduğunu, Ağdam təmsilçisinə böyük hörmət bəslədiyini vurğulayıb. Baş məşqçi bütün rəqiblərə eyni gözlə baxdıqlarını və hər bir oyundan maksimal nəticə əldə etmək istədiklərini deyib. Eysebio Di Françesko Bakıya qələbə arxasınca gəldiklərini və heç bir güzəştdən söhbət gedə bilməyəcəyini qeyd edib.

 

“Qarabağ”ın yeni transferi Pedro Enrike oyunun çətin olacağını, lakin əzmlə mübarizə aparıb, yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib.

“Roma”nın futbolçusu Juan Jesus da bu günkü görüşün çətin keçəcəyini, “Qarabağ”ın son vaxtlar çox irəliləyiş əldə etdiyini vurğulayıb.

Artıq hər iki klub oyunöncəsi son məşqlərini tamamlayıb, qarşılaşmanın startını gözləyir. Matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Saat 20:00-da startı veriləcək görüşdə “Qarabağ”a uğurlar arzulayırıq.

Please reload

ƏN ÇOX OXUNANLAR