top of page

Sosial şəbəkədəki tanışlıq - oğulu ana qatilinə çevirdi


“Başqa oğlanlarla danışmasından, intim məzmunlu mesajlar göndərməsindən utanırdım”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə anasının öldürməkdə ittiham olunan gəncin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Füzuli rayon sakini Maarif Əliyev cvab verib. Maarif Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə prosesində prokuror ittiham nitqi ilə çıxış edib. İttihama görə, qətl hadisəsi ötən il dekabrın 18-də Sabunçu rayonun Zabrat-2 qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Orda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdü Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. Daha sonra polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

Məhkəmədə ifadə verən Maarif Əliyev bildirib ki, ailənin ortancıl oğlu olub: "Ailəmiz Zabrat qəsəbəsində yaşayırdı. Ailədə məndən başqa iki bacım və 1 qardaşım var. Hamımız bir otaqlı evdə yaşayırdıq. Babam Maarif də həmin binada başqa evdə qalırdı. Mən də günümün çox hissəsini elə babamgildə keçirirdim. Anam və atam 1997-ci ildə ailə qurublar. Bildiyim qədəri ilə anamın atama qarşı istəyi olmayıb və könülsüz olaraq evlənib. Atam və anam bir-biri ilə dolanmırdılar. Anam atama maddi çətinliklə bağlı irad tuturdu. Atam həm də spirtli içki çox içdiyindən həmişə evdə söz-söhbət olurdu. Bir neçə dəfə anam atamdan küsərək bacılarımı da götürüb öz bacısıgilə getmişdi. Sonra barışdılar. Sonralar anam cavan qızlar kimi geyinməyə başlamışdı. Atam da anamın dar şalvar geyinməsinə etiraz edirdi. Anam son vaxtlar lap dəyişmişdi. Bütün günü telefonla oynayırdı. Bundan mən də şübhələnməyə başlamışdım. Onun xəbəri olmadan telefonundakı "WhatsApp" proqramını özümün nömrəmə yönləndirdim. Bununla da ona gələn bütün mesajları oxuya bilirdim. Bu vaxt anamın gənc oğlanla yazışdığını, bir-birlərinə intim məzmunlu mesajlar göndərdiyinin şahidi oldum. Özümü itirdim, heç-kimə heç nə demədim, gedib məsciddə yatdım".

Maarif Əliyev daha sonra bildirib ki, gördüyü mesajlar barədə ailə üzvlərinə də danışıb: "Həmin vaxt öyrəndim ki, rəhmətə gedən dayım Şahin də anamın bu əməllərindən xəbərdar olub və onun telefonunu əlindən alaraq nömrəsini sındırıb. Həmin ərəfədə anam atamdan boşanmaq üçün məhkəməyə iddia ərizəsi vermişdi. Anamın bu əməllərindən, yəni evli, 4 uşaq anası olduğu halda, başqa oğlanlarla danışmasından, intim məzmunlu mesajlar göndərməsindən utanırdım. Artıq dostlarım, tanışlarım içərisində də anamın adı pis hallanmağa başlanmışdı. Anamın pozğun əməllərini dolayı yolla onun üzünə vururdum. Artıq özümü çox pis hiss edirdim, alçalmış biri kimi. Camaatın mənə qeyrətsiz kimi baxmasından çox qorxurdum. 2016-cı ilin dekabr ayının 17-dən 18-ə keçən gecə evdə yatdığımız vaxt anamın telefonda kiminləsə səssizcə danışdığını eşitdim. Kiməsə "səni sevirəm, səni istəyirəm" deyirdi. Həmin vaxt özümü yuxuluğa vuraraq anama qulaq asıb onun bir daha nalayiq hərəkətlər edib-etməməsini dəqiqləşdirmək istəyirdim. Bu səhnəni gördükdə anamın pozğunluq etdiyinə əmin oldum. Onu öldürmək qərarına gəldim. Artıq dözə bilmirdim. Səhər açılan kimi anamın yanına getdim. Axşam danışdıqlarını eşitdiyimi və buna son qoymasını istədim. O isə "yaxşı eləyirəm, özüm bilərəm" dedi. Anamın həmin cavabı məni lap özümdən çıxartdı və onu öldürməyi qətiləşdirdim".

Maarif Əliyev daha sonra bildirib ki, anasını öldürmək üçün yatmasını gözləyib: "Babamın 16 kalibrli qoşalülə ov tüfəngi vardı. Yerini bilirdim. Babam onu yağlayanda görmüşdüm. Patronlar da həmişə darağın içərisində, tüfəngin yanında olurdu. Tüfəngi götürdüm. Daraqdan iki ədəd patron götürüb tüfəngə doldurdum. O vaxta qədər heç vaxt tüfəngdən atəş açmamışdım. Tüfəngi əlimə alıb otağa keçdim. Anam divanda uzanmışdı. Qucağında balaca bacım Nisə vardı. Nisəni əmizdirəndən sonra bacım anamın qucağında yatmışdı. Tüfəngin tətiyini çəkməmişdən qabaq əsas fikrim anamı öldürmək idi. Lakin həmin anda Nisənin də xəsarət ala biləcəyini düşünməmişdim. Tətiyi çəkdim və anamın kəlləsi parçalandı. Tüfəngin səsindən və anamın o vəziyyətindən qorxaraq silahı elə otaqda qoyub çölə çıxdım".

Maarif Əliyevin eyni ad və soyad daşıdığı babası Maarif Əliyev şahid qismində verdiyi ifadəsində bildirib ki, Mədinənin böyük oğlu internetə girərkən anasının əsgərlikdən yeni gəlmiş gənclə söhbətləşdiyini görüb: "Oğlanı tanımırıq, sonradan şəklini görmüşük. Bunu da Mədinənin oğlu bilib. Hamımız evdə olsaq da, atəş açılanda heç birimiz səs eşitməmişik".

Məhkəmədə son sözlə çıxış edən Maarif Əliyev törətdiyi əməlindən peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını tərbiyə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

bottom of page