top of page

İran və Türkiyə kürd separatizminə qarşı birləşir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana gəlib. Ərdoğanı bu səfərdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, energetika naziri Barat Albayraq, gömrük naziri Bülənt Tüfəngçi, daxili İşlər naziri Süleyman Soylu, mədəniyyət naziri Numan Qurtulmuş müşayiət edir. Əsas müzakirə mövzusu İraqın şimalında kürdlərin keçirdikləri muxtariyyət və İrana qarşı Qərbin sanksiyalarıdır. Hər iki ölkə kürd referendumuna qarşı çıxır və bunun, bölgədə separatçılığa səbəb olacağını bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər etməmişdən əvvəl bildirib ki, Suriya və İraqda olan problemlər Türkiyənin daxili məsələləridir: “Heç kim bizə deyə bilməz ki, niyə buradakı böhranlara qarışırsınız. Bu iki ölkədə olanlar birbaşa bizim daxili işlərimizlə əlaqəlidir. Kürd Muxtariyyətində referendum keçirməklə kürəyimizə xəncər sancdılar. Hələ ki, müəyyən embarqolar tətbiq etməklə kifayətlənirik. Ümid edirik ki, Kürd Muxtariyyəti tezliklə ağlını başına yığacaq. Bu millətin nələr edə biləcəyini göstərmək bizim borcumuzdur. Bu, təhdid deyil, xəbərdarlıqdır”. Dövlət başçısı İraq Kürd Regional Rəhbərliyinin (İKRR) təşkil etdiyi qanunsuz referendumu “bölgənin sinəsinə sancılmış xəncər" kimi dəyərləndirib. Referendumla əlaqədar Məsud Bərzaninin rəhbərliyinə sərt mesaj göndərən Ərdoğan “Ən yaxın zamanda ağlınızı başınıza yığın. Sevəni sevərik, amma əks təqdirdə, lazım gələni yerinə yetirərik. Məsələ kürdlərin haqları məsələsi deyil, bunun əksinə, məsələ kürdlərlə ərəblərin, türkmənlərin və digər qrupların və ətrafdakı ölkələrin başa çatmayan bir qarşıdurma, hesablaşma prosesində tələyə düşüb-düşməməyi məsələsidir” deyib.

“İraq Kürd Muxtariyyətində keçirilən referendum hələ son deyil”. Bu sözləri isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Hələ ki, iş-işdən keçməyib, Bərzani geri addım ata bilər. Əgər bu səhvini başa düşüb müstəqillik qərarından vaz keçsə, əlaqələrimizi davam etdirərik. Tez-tez Türkiyə-İraq sərhədindəki Ovacıq qapısının açılması gündəmə gəlir. Həmin sərhəd qapısını açmaq mümkündür, lakin sərhədin digər tərəfində təhlükəsizliyi kim bərpa edəcək? Təbii ki, bu işi başqası yox, İraq hökuməti etməlidir”, - Çavuşoğlu bildirib.

Öz növbəsində, İranda səfərdə olan Türkiyə baş qərargah rəisi Hülusi Akar prezident Həsən Ruhani ilə görüşüb. Tehranda Prezident sarayında baş tutan görüşdə ikitərəfli və regional əlaqələr müzakirə edilib. “Bu gün iki ölkə iqtisadi, siyasi və beynəlxalq əlaqələrdə önəmli mövqeyə sahibdir. Hərbi və müdafiə sənayesində də əlaqələri genişləndirmək üçün çalışmalıyıq. Ortaq mənafe və ortaq təhlükələr çərçivəsində də əməkdaşlığın artırılması labüddür”, - Ruhani bildirib. Akar da öz növbəsində iki ölkə arasında hərbi əlaqələrin inkişafının regionun sabitliyində mühüm rol oynayacağını qeyd edib: “Terror ünsürləri regionumuza əsas mənfi təsir göstərən amillərdəndir. Türkiyə, Suriya və İraq başda olmaqla, regionun bütün ölkələrinin ərazi bütövlüyünə hörmət edir”.

“Türkiyə çox ağır dönəmdən keçir. Ətrafımızdakı çəmbər daralır. Çox diqqətli olmalıyıq”. Bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.

“Çevrəmizdə olan təhdidlərin iç üzünü görməliyik. Bu gün yaşadıqlarımızın başlanğıcı Anadolunun fəthindən başlanır. Bitməyən qəzəbin hesabını bizdən almaq istəyirlər. Türkiyəyə sərhədləri yaxınlığında vandal tələ qurulur. Ərəb baharı ilə yaranan alov artıq qapımıza çatıb. Etnik və məzhəb qütbləşməsi ətrafımızdakı xaosun fitilini alovlandırıb. Peşmərgə müstəqilliklə bağlı israrını davam etdirsə, bəlasını mütləq tapacaq. Bilinməlidir ki, 25 sentyabr referendumu 4 parçalı böyük Kürdüstanın ön hazırlığıdır”, – deyə o bildirib.

“Türkiyə və İran Suriyadakı vəziyyətin stabilləşdirilməsində əsas rol oynayır, Moskva, Ankara və Tehran xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin genişlənməsi Yaxın Şərq ölkələrinin maraqlarına cavab verir”. Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Suriya və İraqdakı terrorçu qurumlarla mübarizə aparmaq, ümumilikdə, Yaxın Şərqdə vəziyyətin tədricən sağlamlaşdırmaq məqsədi ilə türkiyəli və iranlı tərəfdaşlarımızla geniş fikir mübadilələrini, sıx əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə Lavrov bildirib.

Ekspertlər qeyd edir ki, İraqda yaranmış yeni vəziyyət, kürdlərin referendum keçirməsi birbaşa iki ölkəni - İran və Türkiyəni təhdid edir. Hər iki ölkə İraqdakı kürd muxtariyyəti ilə birbaşa sərhədə malikdir, üstəlik, öz ərazilərində ciddi sayda kürd etnik qrupu var və bunların içərisində silahlı separatçı təşkilatlar mövcuddur. Həm Ankara, həm də Tehran növbəti mərhələdə kürd separatizminin öz ərazilərində alovlanmasından narahatdır.

Yeri gəlmişkən, ötən gün İran mətbuatı SEPAH quru qoşunlarının komandanı, general Məhəmməd Pakpura istinadən İran və İraq ordusunun sərhəddə birgə hərbi təlimlərə başladığı haqda xəbər yayıb. Təlimlərdə quru qüvvələri, artilleriya, zirehli texnika, vertolyotlar və pilotsuz aparatlar iştirak edir. Əsas məqsəd sərhəd təhlükəsizliyinin təmin olunmasıdır. Ötən həftə Türkiyə və İraq ordusu da sərhəddə birgə təlimlərə başlayıb. Bundan başqa, hazırda Türkiyə və İraq hökumətləri iki ölkə arasında əsas sərhəd-keçid məntəqəsi hesab olunan Habur gömrük-keçid məntəqəsinə alternativ yeni körpünün yaradılması və bu bölgənin İraq hökumətinin nəzarətində olması ilə bağlı danışıqlar aparır. Bütün bunlar kürd administrasiyasına təzyiq etmək, separatçı qərardan geri çəkilməsinə nail olmaq məqsədi güdür. Ancaq bütün bu təzyiqlərin fayda verməyəcəyi təqdirdə, Türkiyə, İran və İraqın kürd muxtariyyəti ərazisinə hərbi müdaxilə həyata keçirə biləcəyi haqda xəbərlər dolaşır.

Son bir həftə ərzində İranda 700-dən çox kürd həbs edilib. Bu barədə informasiyanı “Kurdistan.ru” saytı yayıb. Sayt həbslərin sentyabrın 25-dən başlayaraq gerçəkləşdirildiyini bildirib. İran hüquq-mühafizə orqanları xüsusilə İraq Kürd Muxtariyyətindəki referendumu müdafiə edən kürdləri həbs ediblər. Kürdlərə qarşı əməliyyatlar Elam, Kirmanşah, Kürdistan və Qərbi Azərbaycan bölgələrində aparılıb.

bottom of page