top of page

Pentaqonun başçısı Trampa qarşı


Pentaqonun başçısı Cim Mattis deyib ki, Tehranın öhdəliklərinə əməl etməməsinə dair sübutlar olmayınca, Birləşmiş Ştatlar 2015-ci ildə İranla imzalanmış sazişə sadiq qalmalıdır. O bildirib ki, İranın, dünyanın 6 gücü ilə imzaladığı bu sazişdən çıxmaq ABŞ-ın milli maraqlarına daxil deyil. ABŞ müdafiə naziri bu bəyanatı oktyabrın 3-də Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verərkən dilə gətirib.

Prezident Donald Trampın İranın sazişə əməl edib-etmədiyi barədə qərar qəbul etməsi üçün oktyabrın ortalarınadək vaxtı var. Senator Angus Kinqin “bu sazişdə qalmağın ABŞ-ın milli təhlükəsizlik marağında olmasına inanırmı” sualına, Mattis “bəli senator, mən buna inanıram” cavabını verib. Mattis bildirib: “Əgər biz İranın sazişə əməl etdiyini təsdiqləsək, bunun bizim marağımızda olduğunu müəyyənləşdirsək, onda aşkar şəkildə biz bu sazişdə qalmalıyıq”. O deyib ki, hazırda İranın saziş üzrə öhdəliklərini yerinə yetirmədiyinə dair dəlil yoxdur. Mattisin mövqeyi İranla sazişi “ən pis razılaşma” və “rüsvayçılıq” adlandıran Trampın mövqeyi ilə ziddiyyət nümayiş etdirib. ABŞ-dan başqa bu sazişi Rusiya, Çin, Britaniya, Fransa və Almaniya imzalayıblar.

Əgər Tramp administrasiyası oktyabrın 16-dək İranın sazişə uyğunluğunu təsdiqləməsə, onda prezident partiyadaşlarının çoxluq təşkil etdiyi Konqres 60 gün ərzində İranın üzərinə sanksiyaların təkrar tətbiqi məsələsinə baxa bilər. İndiyədək Tramp administrasiyası İranın sazişin öhdəliklərinə əməl etdiyini iki dəfə təsdiqləyib.

Bununla yanaşı, Ağ Ev dəfələrlə İranın ballistik raketləri sınaqdan keçirməklə, bu sazişin “ruhunu” pozduğunu bəyan edib.

Vaşinqton bu sınaqlarla bağlı artıq Tehranın üzərinə bir neçə sanksiyalar qoyub.

Ötən ay Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verərkən Birləşmiş Qərargahlar rəisi general Cozef Dunford da ABŞ-ın İranla sazişdə qalmalı olduğunu demişdi. O bildirmişdi ki, ABŞ bu sazişdən çıxsa, onun üçün gələcəkdə hər hansı beynəlxalq razılaşmaları əldə etmək çətin olacaq. Lakin o, həm də əlavə etmişdi ki, İran İraq və Suriyada “terrorçu təşkilatları dəstəkləməklə” bütün Yaxın Şərqi qarışdırmaqda davam edir.

bottom of page