PRESS NEWS AZERBAIJAN

"Mikayıl Cabbarov istefaya getməlidir..." - Partiya sədri

10.10.2017

 

Bir neçə gündür orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində tarix dərsliyində yer almış xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqlarını əhatə edən "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin təsvir olunması bir sıra ciddi narazılıqlara səbəb olub və buna görə məsuliyyət daşıyan Təhsil Nazirliyi tənqid edilir. Sözü gedən dərsliklə bağlı Təhsil Nazirliyi və onun rəhbərliyini təqid edənlərdən biri də Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevdir.

 

Hafiz Hacıyev Unikal.org-a bildirib ki, Milli və dövlətçilik məsələlərində heç kimə güzəşt eləmək olmaz və bu məsələdə Təhsil Nazirliyi böyük məsuliyyət daşıyır: "Təhsil naziri Mikayıl Cabbarov qardaşım olsaydı belə, onu bu məsələ ilə bağlı bağışlamazdım. Bu biabırçılığa görə, təhsil naziri başda olmaqla, kitabın işıq üzü görməsində cavabdehlik daşıyan bütün şəxslər tutduqları vəzifədən istefa verməli və cinayyət məsuliyyətinə cəlb olunmalıdırlar. Əks halda belə faciəli nöqsanların sayı durmadan artacaq. Biz bütün dünyaya car çəkirik, tarixi həqiqətləri çatdırırq, amma bunlar dərsliyə salırlar ki, bura "Böyük Ermənistan” ərazisidir. Buna nə ad verək? İnanda gərək vicdan, milli heysiyyat olsun? Başları qarışıb pul qazanmağa, vətən, millət, dövlət yaddan çıxıb. Amma unudurlar ki, bu dünyadan iki metr ağdan başqa heç nə aparmaq olmur. Rəhmətlik Heydər Əliyev deyirdi ki, vətən hər şeydən üstündür. Bu mənurlar görsən, nəyə görə o kişinin nəsihətinə əməl eləmirlər. Mikayıl Cabbarov, əgər özünə hörmət edirsənsə, istefa ərizəni özün yaz”.

 

Partiya sədri təhsil nazirinin ünvanına bəzi tarixi məqamları da çatdırıb: "Tarixən erməni siyasətçiləri dünya dövlətlərinə Qara dənizdən Xəzər dənizi sahillərinə kimi xəyali mövcud olan saxta Böyuk Ermənistan dövlətinin xəritəsini 100 illərdir ki, ciddi-cəhdlə sirimaq istəyirlər. Azərbaycan Dövlətinin Təhsil Nazirliyinin orta məktəb rus bölməsinin tarix dərsliyində Azərbaycan ərazisi Erməni ərazisi kimi verilib. Bu, Azərbaycan xalqına qarşı xəyanətdir. Ermənilər də bu gun həmin dərsliyi müxtəlif dillərə tərcümə edib sübut kimi ortaya qoyurlar. Bu, bizim uzərimizdə Erməni kəşfiyatının qələbəsidir. Mən dəfələrlə demişəm ki, hakimiyətdə kifayət qədər erməni əsilli insanlar var və bu insanlar Azərbaycan dövlətçiliyi üçün təhlükə mənbəyidir. Buyurun, cavabını alın. Bu məsələ araşdırılmalı və qəti tədbir görülməlidir”.