Avropa İttifaqının xarici işlər nazirləri İranla nüvə sazişini müdafiə edərək ABŞ prezidenti Donald Trampın bu razılaşmanı tənqid etməsini pisləyiblər. Onlar bildiriblər ki, Trampın hədələri Şimali Koreya ilə qarşıdurmaya dinc həll yolu tapılmasına da mane olur. Avropa xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış saziş kütləvi qırğın silahlarının yayılmaması barədə müqavilənin təməl sütunlarından biridir. Bu sazişə görə, Tehran onun üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmaq öhdəliyi götürüb. Bu müqaviləni İran və ABŞ-dan başqa həm də Rusiya, Çin, Britaniya, Fransa və Almaniya imzalayıblar.
Aİ xarici işlər nazirləri bildiriblər ki, Trampın nüvə sazişi haqqında dedikləri ABŞ-ın daxili siyasi prosesi çərçivəsində başa düşülməlidir. Nazirlər onu da qeyd ediblər ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu sazişə əməl etməsini 8 dəfə təsdiqləyib. Onlar Birləşmiş Ştatları nüvə sazişinə sadiq qalmağa çağırıblar və bildiriblər ki, ABŞ-ın sazişdən çıxması Amerikanın özünün və onun müttəfiqlərinin təhlükəsizliyi üçün hədə ola bilər. Avropa nazirləri israr ediblər ki, Tehranın sanksiyalardan azad edilməsi onunla daimi dialoqun aparılmasına imkan yaradır.
Lüksemburq görüşündə Avropa İttifaqının Şimali Koreyaya yeni sanksiyalar paketini təsdiq edəcəyi gözlənilir. Avropa İttifaqı xarici işlər komissarı Federika Moqerini deyib ki, İran sazişinin zəiflədilməsi Şimali Koreya liderləri ilə danışıqlar prosesinə mənfi təsir göstərə bilər. Moqerini bunu da bildirib ki, ABŞ millət vəkillərini nüvə sazişinin qorunub saxlanmasının vacibliyinə inandırmaq məqsədilə gələn ay Vaşinqtona səfər edəcək. Avropa Xarici İşlər Şurasında çıxış edən Belçika xarici işlər naziri Didier Reynders deyib ki, imzalanmış sazişlərə ehtiram göstərilməsi lazımdır. Hollandiyanın xarici işlər naziri Bert Koenders vurğulayıb ki, İran sazişi dünyanın təhlükəsizliyinə xidmət edir və o, Konqresin də belə mövqe tutacağına inanmaq istəyir. Almaniyanın xarici işlər naziri Sigmar Gabriel qeyd edib ki, İran sazişinin ləğvi ümumiyyətlə beynəlxalq razılaşmalara etimadı sarsıda bilər. Fransanın xarici işlər naziri Jean-Yves Le Drian ABŞ Konqresini nüvə sazişini təhlükəyə atmamağa çağırıb.
Fransa, Britaniya və Almaniyanın bundan əvvəl verilmiş birgə bəyanatında deyilirdi ki, İranla nüvə sazişi onların ortaq təhlükəsizliyinə xidmət edir. Rusiya və Çin də İranla imzalanmış bu sazişə dəstək bildiriblər.