Qaz sayğacı kartına yüklənən məbləğin sayğacda yarıbayarı göstərilməsi nə ilə bağlıdır?Bununla əlaqədar Metbuat.az-a müraciət edən vətəndaş bildirib ki, o, smart tipli qaz kartına 10 manat yükləyib. Amma sayğacda bu rəqəm yarıbayarı göstərilib. Üstəlik, bu hadisə dəfələrlə baş verib.
Məsələyə aydınlıq gətirən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirir ki, sayğacın ekranında olan nəticə məbləğlə deyil, kubla göstərilir:
“Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının birindən hər bir istehlakçı üçün il ərzində 1700 kubmetr limit verilib. Limiti keçdikdən sonra hər kubmetr qazın dəyəri 10 qəpiklə yox, 20 qəpiklə hesablanır. Məsələn, əvvəlllər 1 manat vurulan zaman ekranda 10 kub yazılırdı. Vətəndaş da bunu manat kimi qəbul edirdi. İndi sayğacın balansına 1 manat pul yüklədikdə, orada 5 kub göstərilir. Vətəndaş da bunu 50 qəpik kimi qəbul edir. Bu kimi hallarla qarşılaşanlar “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır. Orada vətəndaş smart tipli qaz kartını və şəxsiyyət vəsiqəsini təqdim edərək, indiyə qədər ödənilən məbləğlə tanış ola bilər”.