İzdihamda bir neçə sərnişinin vəziyyəti pisləşdi, təcili yardım çağırıldı
Bu gün səhər saat 8.00 radələrindən metronun “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” stansiyalarında sərnişin sıxlığı yaranıb. Hadisə yerində olan insanlardan aldığmız məlumatına görə, sıxlığa səbəb qatarlar arasında intervalın uzanması olub. Metronun "Həzi Aslanov" -"Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarların vaxtında gəlməməsi stansiyalarda sərnişin izdihamına səbəb olub və mənzil başına tələsənlərin vaqonlara minməsində ciddi problemlər yaşanıb.
Saat 08:50 radələrində “Xalqlar Dostluğu” stansiyasında nisbətən boş qatara minmək mümkün olub. İzdiham nəticəsində çox sayda sərnişinin ürəyi sıxılıb. Artıq metronun “Gənclik” stansiyasında sərnişinlərə yardım etmək üçün təcili yardım briqadası çağırılıb. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a deyib ki, səhər tezdən qatarların depodan xətə qəbul edilməsində problem yaşanıb:
“Yəni xəttə kifayət qədər qatar qəbul edə bilmirdik. Ona görə sərnişin sıxlığı yarandı. Saat 7-dən sonra artıq xəttə qatarların hərəkətini tam bərpa etdik. Buna baxmayaraq sərnişin sıxlığı var idi. “
Qurum rəsmisi bildirib ki, artıq qatarlararası interval tam bərpa edilib.