top of page

Barselonada İspaniyanın birliyi dəstəkləndi


İspaniyanın birliyinin tərəfdarı olan yüz minlərlə insan Barselonada keçirilən yürüşdə iştirak edib. Nümayişçilər İspaniya hökumətinin Kataloniyanın nazirlər kabinetini ləğv etməsi və regionun müstəqillik əldə etmək cəhdlərinin qarşısını almasına dəstək nümayiş etdirərək, Kataloniya paytaxtının küçələri ilə addımlayıb. Qeyd edək ki, İspaniyanın baş naziri Mariano Rahoy ötən həftənin sonu regionun müstəqilliyə səs verməsindən bir neçə saat sonra Kataloniya parlamentinin buraxılması haqda qərar verib. Regional parlamentin buraxılması ilə yanaşı, Rahoy eyni zamanda, dekabrın 21-də Kataloniyada erkən seçkilərin keçirilməsinə çağırıb və Kataloniyanın yüksək rütbəli polis zabitlərini səlahiyyətlərindən məhrum edib.

İspaniyadan ayrılmağa dair bəyannamə Kataloniya lideri Puiqdemontun başçılıq etdiyi koalisiyaya daxil olan radikal separatçı fraksiyalar tərəfindən hazırlanıb və 72 lehinə, 10 əleyhinə və 2 bitərəf səslə qəbul edilib. Beynəlxalq ictimaiyyət İspaniyada son illər yaşanmış ən ciddi siyasi böhranda Madrid hökumətinə dəstək bildirib. BMT-nin sözçüsü bütün tərəfləri İspaniya konstitusiyası çərçivəsində və qəbul olunmuş siyasi və hüquqi yollar vasitəsilə həll yolu tapmağa çağırıb. Avropa Şurasının prezidenti Donald Tusk Madridin böhrana yanaşmasını dəstəkləyərək, İspaniya hökumətinin güc deyil, arqumentin gücündən istifadə edəcəyinə ümid etdiyini bildirib. Avropa İttifaqının prezidenti Jan Klod Yunker isə Avropada bundan sonra daha artıq parçalanmaya yer olmadığını bəyan edib. İspaniyanın da üzv olduğu NATO-nun bəyanatında deyilir ki, Kataloniya məsələsi ölkənin daxili məsələsidir və İspaniya konstitusiyasına uyğun şəkildə həll edilməlidir.

bottom of page