Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi Ermənistanda, sözün həqiqi mənasında, vahimə yaradıb.
“Armtimes.com” saytında dərc olunan məqalədə bu barədə ətraflı söhbət açılır.
Müəllif Ayk Qevorkiyan yazır ki, hələ 10 il əvvəl BTQ-nin əsası qoyulanda Yerevanda İqtisad İnstitutunun tələbələri qarşısında çıxış edən Robert Köçəryan bəyan etmişdi ki, ictimaiyyətin Ermənistanın iqtisadi blokadaya düşməsi haqqındakı narahatlığı əsassızdır.
Çünki BTQ-nın iqtisadi səmərəsi yoxdur və bu dəmir yolu tikilib başa çatdırılmayacaq. Lakin R.Köçəryanın fikri özünü doğrultmadı, BTQ-nın əsası qoyuldu və tikinti işləri başladı. Bir müddət sonra Yerevan Dövlət Universitetində çıxış edən R.Köçəryan yenə də jurnalistlərin bu barədə sualına cavab vermək məcburiyyətində qaldı. Jurnalistlər R.Köçəryana belə bir sual verdilər: “Bəs siz deyirdiniz BTQ tikilməyəcək. Lakin layihənin əsası qoyulub və tikinti işləri başlayıb”.
R.Köçəryan cavab verdi ki, bəli, tikinti işləri başlayıb, amma Yerevanın Qərbdəki müttəfiqləri bu layihəni dəstəkləmir və tikintinin başa çatacağı sual altındadır.
Doğurdan da, həmin vaxt bir neçə ermənipərəst ABŞ konqresmeni erməni lobbisinin səyləri ilə bəyanatla çıxış edərək BTQ-nın tikintisinin səmərəsiz olduğunu bildirdilər və ABŞ hökumətini bu layihəni dəstəkləməməyə çağırdılar.
O dövrdə rəsmi Yerevan düşünürdü ki, ABŞ konqresmenlərinin bəyanatı tikintinin qarşısını almaq üçün yetərlidir. Lakin zaman göstərdi ki, yetərli deyil. Sonra Ermənistan prezidenti Serj Sarkisyan da bu layihəyə mane olmağa çalışdı. S.Sarkisyan 2008-ci ildə İran-Ermənistan dəmir yolunun çəkilməsi ideyasini irəli sürdü və rəsmi Tehran ilə müzakirələr başladı. İqtisadi-texniki əsaslandırmadan sonra məlum oldu ki, S.Sarkisyanın fikirləri sabun köpüyü kimi havadan asılı qaldı. Belə ki, Ermənistan prezidentinin təklifinə İran ciddi yanaşmadı və heç bir dövlət və beynəlxalq maliyyə təşkilatı İran-Ermənistan dəmir yolunun çəkilişinə sərmayə qoymaq istəmədi.
Azərbaycan, Gürcüstan və Türkiyə öz səyləri ilə BTQ-nı tikib başa çatdırdılar. Qlobal xarakter daşıyan BTQ istismara verildi. ABŞ və Avropa İttifaqı BTQ-nın istismara verilməsini alqışladılar.
Bəs Ermənistan hansı səbəbə BTQ-nın həyata keçməsinə mane olmağa çalışırdı? Məsələnin mahiyyəti ondan ibarətdir ki, Tbilisi-Gümrü-Qars (TGQ) dəmir yolu xətti mövcuddur. Ermənistan bu xətti işə salmaqla blokadadan çıxmaq istəyirdi. Lakin rəsmi Yerevanın işğalçılıq siyasəti və qonşu dövlətlərə qarşı heç bir əsası olmadan ərazi iddiaları irəli sürməsi TGQ-nin fəaliyyətini heçə endirib. Bu yol artıq 25 ildir ki, dayanıb. Digər tərəfdən, Ermənistanın Rusiya ilə birbaşa sərhədi yoxdur.
Gürcüstan vasitəsilə Rusiya ilə çıxış əldə etmək istəyirdi ki, bu da alınmadı. Gürcüstan Abxaziya bölgəsindən yolun çəkilməsinə icazə verməz. Çünki Abxaziyadakı separatçılar Gürcüstanın ərazi bütövlüyünü pozub. Beləliklə, xaricə nəqliyyat çıxışı axtaran Ermənistan dəyəri 1,5 milyard dollar olan İran-Ermənistan avtomobil yolunu çəkməyə başladı ki, bu da həm səmərəli deyil, həm də nə vaxt başa çatacağı bilinmir. İqtisadi böhran yaşayan Ermənistan maliyyə çətinliyi ucbatından tikinti işlərini dayandırıb. İran isə əsas prioriteti İran-Ermənistan avtomobil yoluna yox, Rəşt-Astara dəmir yoluna yönəldib.
Göründüyü kimi, Azərbaycan Prezidentinin strateji təşəbbüsünün reallığa çevrilməsi Ermənistanı, necə deyərlər, peşman edib. Prezident İlham Əliyevin hələ on il əvvəl planlaşdırdığı layihə həyata keçdi və bu, yalnız regional xarakterli iqtisadi layihə deyil. BTQ, eyni zamanda, Azərbaycanın uzunmüddətli siyasi zəmanətidir.
Ermənistanın isə regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən kənarda qalması onun müstəqil siyasət aparmadığını göstərir. Ermənistan özündə iradə tapıb havadarlarının deyil, öz milli maraqlarının qoruyucusu olsa bəlkə onda işğalçılığın və torpaq iddialarının erməni xalqına necə böyük zərbə vurduğunu anlayar.
A.Qevorkiyan məqaləsini yekunlaşdıraraq yazır ki, Ermənistan böyük yolların kəsişməsindəki daşın üzərində oturan min yaşlı kor bayquşa çevrilir.