PRESS NEWS AZERBAIJAN

Özbək mühacirin törətdiyi hadisə nəticəsində 8 adam ölüb, 11 nəfər yaralanıb

02.11.2017

 Nyu Yorkda avtomobilin velosiped yoluna girməsi nəticəsində azı 8 adam ölüb, 11 nəfər ciddi yaralanıb. Maşınını Louer Manhettendə velosiped cığırına sürən 29 yaşlı kişiyə polis atəş açıb. O yaralanıb və həbs edilib. Rəsmilər olayı terror kimi qiymətləndirirlər. ABŞ mediası yazır ki, sürücü 2010-cu ildə Amerikaya gəlmiş Sayfullo Saipov adlı mühacirdir. Adının çəkilməsini istəməyən hüquq-mühafizə orqanları rəsmiləri media qurumlarına şübhəlinin Özbəkistandan gəlmiş 29 yaşlı mühacir olduğunu deyiblər.

Nəqliyyat vasitəsindən özünü İslam Dövləti adlandıran hərbi birləşməyə aid qeyd tapılıb. Bu barədə CBS News hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Saxlanmış şəxs hospitala yerləşdirilib. Nyu York meri Bill de Blasio deyib ki, bu, “günahsız sakinlərə yönəlmiş qorxaq terror aktıdır”. O əlavə edib: “Bilirik ki, bu hərəkət ruhumuzu sarsıtmağa yönəlib. Amma biz onu da bilirik ki, nyu-yorklular güclüdürlər, nyu-yorklular möhkəmdirlər və hər hansı zorakılıq və bizi qorxutmaq üçün edilən hərəkətlər ruhumuzu sındıra bilməz”. Olaya ölkə prezidenti Donald Trump da reaksiya verib. O, Twitter hesabında hadisə qurbanlarının ailələrinə başsağlığı verib və onların dərdinə şərik olduğunu bildirib. “Tanrı və ölkən səninlədir!" prezident yazıb.

Nyu York Polis Departamenti rəsmisi Ceyms O'Neill bildirib ki, yaralılar ciddi xəsarət alıb, ancaq həyatlarına təhlükə yoxdur. Ceyms O'Neill olayla bağlı əldə etdiyi məlumatları belə təsvir edib: “Yerli vaxtla saat 3-də "Home Depot" pərakəndə mağazadan kirayə edilmiş pikap piyada və velosipedçiləri vurub. Nəqliyyat vasitəsi daha sonra məktəb avtobusuna çırpılıb və dayanıb. İki uşaq və iki böyük yaralanıb. Sürücünün əlində iki tapança görünüb və o bunun "terror hücumu" olduğunu bəyan edib. Polis onu yaralayıb. Hadisə yerindən peyntbol və pnevmatik tapançalar aşkar edilib. Nyu Yorkda həmin gün Hallooven bayramı qeyd olunurdu”.

Polis sürücünün maşından çıxarkən “Allahu əkbər” qışqırdığını xəbər verib. Nyu York ştatının qubernatoru Endryu Kuomo Dünya Ticarət Mərkəzi yaxınlığında baş vermiş hücumun “yalquzaq terrorçu” tərəfindən törədildiyini deyərək daha geniş planın mövcudluğuna dair dəlil olmadığını söyləyib. Nyu York Polisi ehtiyat tədbirlərinin tərkib hissəsi olaraq şəhər boyu polislərin sayının arıtırlacağını bildirib. ABŞ prezidenti Donald Tramp ölkəyə gələn qaçqınların seçim proqramını sərtləşdirmək barədə göstəriş verib. Bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb. O, bildirib: "Mən daxili təhlükəsizlik nazirliyinə hazırda da ekstremal olan seçim proqramını sərtləşdirməyə göstəriş verdim". Tramp bu göstərişin Nyu-Yorkda baş verən terror aktı ilə əlaqəsi olub-olmadığı barədə məlumat verməyib.