top of page

İcra başçıları üçün KRİTİK SON AY - kimlər gedəcək?


İki il əvvəl Azərbaycan iqtisadiyyatının neft gəlirlərdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də aqrar rayonların icra başçıları qarşısına bununla bağlı xüsusi tapşırıqlar qoyuldu.

Xüsusilə büdcəni rayonlara ayrılan dotasıyadan və "yeyintilərindən” azad etmək üçün kənardan investisiya cəlb edilməsinə xüsusi diqqət ayrıldı. Ötən müddətdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər qalmaqdadır.

Prezident İlham Əliyev bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışaraq icra başçıları qarşısında konkret müddət qoydu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: "Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. "İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

Yayılan məlumatlara görə, pambıq yığımı başa çatar-çatmaz hakimiyyətin bəzi icra başçıları ilə yollarının ayrılacağı gözlənilir.

Pambıq yığımı ilə bağlı Statistika Komitəsinin oktyabrın 31-də açıqladığı rəsmi məlumatda da "başı üzərində qara buludlar” olan icra başçılarının olduğu təsdiqlənib. Ölkə ərazisində 31 oktyabra qədər 44 min tondan artıq pambıq tədarük edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artım demək olsa da, Ağsu, Göyçay, Hacıqabul, Cəlilabad, Füzuli kimi rayonlar pambıq yığımında ən aşağı məhsuldarlıq alıb. O cümlədən Ucar, Sabirabad, Zərdab (sonuncu yerdədir) və Yevlax kimi pambıqçılıq rayonları bu yarışdan xeyli kənarda qalıb.

Qəzet yazır ki, adıçəkilən icra başçıları ilə yanaşı, sabiq nazir Ziya Məmmədovun qohumlarının da vəziyyətləri ürəkaçan deyil. Ona görə Ucar (Mənsur Məmmədov) və Zərdabın (Lütvəli Babayev) icra başçıları da postları ilə vidalaşmalı olacaqlar.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir. Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq. İddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək. O cümlədən oliqarxlar da özlərinə yaxın icra başçılarına "qoruna bilməyəcəyəkləri” barədə xəbərdarlıq edib. İcra başçıları üçün kritik ay başlayıb. Dekabrın 15-nə isə sayılı günlər qalır...

bottom of page