top of page

“Bizim gücümüzü yoxlamağı məsləhət görmürük”


Səudiyyə Ərəbistanı və İran arasındakı münaqişə İsraildə də həyəcan və narahatçılıqla izlənilir. Qərb mediası yazır ki, son vaxtlar İsrail rəhbərliyi bəzi ölkələrin regiondakı yeni müharibəyə yəhudi dövlətini cəlb etmək cəhdləri daxil olmaqla, hadisələrin inkişafının bütün mümkün variantlarını nəzərdən keçirir. “Yaxın Şərqdə əvvəlki kimi İsrailə qarşı hücumlardan sevinənlər var. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim cavabımız çox sərt olacaq və kiməsə bizim gücümüzü yoxlamağı məsləhət görmürük”, - deyə hökumətin həftəlik qurultayının açılışını edən ölkənin baş naziri Benyamin Netanyahu bəyan edib.

“Bu gün Yaxın Şərqdə böyük müharibənin məhz bizim tərəfimizdən başlanmasını görmək istəyən kifayət qədər “oyunçular” var. Bu, onlara öz daxili problemlərini həll etməyə köməklik edə bilər”. Bunu isə ehtiyatda olan general-mayor Dani Rotşield bildirib. “Galey Tsakhal” ordu radiostansiyasına müsahibə verən general qeyd edib ki, İsrail Səudiyyə Ərəbistanı ilə İran və "Hizbullah"ın daxil olduğu şiə birliyi arasındakı münaqişədə öz mövqeyini gizlətməməlidir: “Bir halda ki, Səudiyyə Ərəbistanın maraqları ilə yəhudi dövlətinin maraqları bir çox hallarda üst-üstə düşür. Hər iki dövlət hesab edir ki, İran Yaxın Şərqdə sabitliyi pozan başlıca amildir və baxmayaraq ki, diplomatik əlaqələr mövcud deyil, o, faktiki olaraq barrikadanın bir tərəfində fəaliyyət göstərir”.

Onu da qeyd edək ki, noyabrın əvvəlində İsrail rəhbərliyi Livanın baş naziri Səəd Həririnin istefasına rəsmən münasibət bildirmişdi. “Livanın baş naziri Həririnin istefası və bəyanatı beynəlxalq ictimaiyyəti İran zorakılığına qarşı təcili tədbirlər görməsinə ciddi bir çağırışdır", - deyə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. İlk baxışda, bu addım bəziləri üçün gözlənilməz ola bilər. Çünki İsraildə uzun müddət müxtəlif regional münaqişələr barədə öz mövqeyini rəsmən bəyan etmək düzgün hesab edilmirdi. “Lakin Həriri ilə bağlı hal, xüsusilə onun Səudiyyə Ərəbistanına səfəri bu qaydaları istisna edib”, - deyə İsrailin Rusiyadakı keçmiş səfiri, hazırda INSS Milli Təhlükəsizlik İnstitutunun baş tədqiqatçısı Tsvi Magen belə deyib. "İsrail bu münaqişənin kənarında qala bilməz, çünki İran onun iştirakçılarından biridir. Bu isə o deməkdir ki, bu, bizim əsas maraqlarımızın tərkib hissəsidir. Nəzərə alsaq ki, İsrailin bu gün ABŞ vasitəsilə Səudiyyə Ərəbistanına çıxışı var, ehtimal etmək olar ki, İsrail və Ər-Riyad öz addımlarını sıx şəkildə əlaqələndirirlər", - deyə Magen bildirb.

İsrailin qırmızı xətlər mövzusu, həmçinin İranın Suriyaya təsiri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə Soçidə baş tutan görüşü və Rusiya müdafiə naziri Sergey Şoyqunun İsrailə səfəri zamanı da müzakirə olunub. Bu görüşlərdə adı İsrailə yaxşı tanış olan İslam İnqilabı Keşikçiləri Ordusunun (İİKO) tərkibində olan "Əl-Qüds" xüsusi təyinatlı dəstənin komandiri Kasem Süleymaninin müzakirə edildiyi istisna edilmir.

İsrail hərbçiləri məhz Süleymanini İran və Suriyada baş verən son hadisələrin əsas mərkəzi hesab edilər. "Livandakı vəziyyət etinasız yanaşılmayacaq bir haldır. Livan - "Hizbullah" deməkdir, "Hizbullah" isə İran” - deyə İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Kats ABŞ-a işgüzar səfəri ərəfəsində bildirib. Katsın fikrincə, Səudiyyə Ərəbistanındakı son münaqişə İran və "Hizbullah" tərəfindən Cənubi Livanda öz təsirini möhkəmlətmək məqsədilə istifadə oluna bilər. Bu, BMT Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsi ilə 2006-cı ildə qadağan edilib. Onun sözlərinə görə, son illər şiə qruplaşması bu regionda ciddi şəkildə öz mövqelərini möhkəmlədib və İsrail bu faktı beynəlxalq ictimaiyyətə, BMT baş katibinə və regiondakı digər böyük “oyunçulara” çatdırmağa məcburdur.

bottom of page