Yəməndəki şiə üsyançılara qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya paytaxt Sənada üsyançıların nəzarətində olan aeroportu bombalayıb. Bu haqda Yəmən rəsmiləri məlumat verib. Lakin bombardman nəticəsində vurulan zərərin miqyası ilə bağlı ziddiyyətli məlumatlar verilir. BMT aeroportun əsas hissəsinə zərər dəymədiyini və hava limanının göndəriləcək yardımları qəbul edə biləcəyini bildirib. Koalisiya qüvvələrinin blokadanın yüngülləşdirilməsini elan etməsindən sonra BMT müharibədən zərər çəkən Yəmənə yeni yardımlar çatdırmaq niyyətindədir. Lakin Huti üsyançılarının nəzarətində olan paytaxt Sənadakı Yəmən rəsmiləri aeroportun eniş xətləri və nəzarət qülləsinə zərər dəydiyini bildirib. Müxbirlərlə danışmaq səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmasını istəməyən rəsmilər, bərpa işlərinin artıq başladığını əlavə edib. BMT-nin Humanitar İşlər üzrə Koordinasiya ofisinin nümayəndəsi Ceymi Makqoldrik deyib ki, BMT əməkdaşları aeroportu ziyarət edib və orada rəsmilərlə danışıb. O, eniş xətti, terminal və nəzarət qülləsinə zərər dəymədiyini və hava limanının yaxşı vəziyyətdə olduğunu deyib. Koalisiya 2015-ci ildən Yəməndə Huti şiə üsyançılarına qarşı döyüşlərdə iştirak edir. Koalisiya keçən həftə Ər-Riyada ballistik raket hücumuna cavab olaraq, Yəmənin hava, quru və dəniz limanlarını bağlayıb. Ancaq bazar ertəsi, müttəfiq qüvvələrin nəzarətində olan ərazilərdəki limanların açılacağı və tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılacağı bildirilib.