Zimbabvedə vəziyyət gərginləşib. Ordu ilə prezident Robert Muqabe arasında qarşıdurma yaşanır. Məlumata görə, hakim partiya - ZANU-PF ölkənin silahlı qüvvələrinin rəhbəri Konstantin Çivenganı dövlətə xəyanətdə ittiham edib. Konstantin Çivenga isə prezidentdən hakim partiyanın sıralarında təmizləməyə son qoymağı tələb edib. “Reuters” agentliyi noyabrın 14-də yazıb ki, Zimbabvenin paytaxtı yaxınlığında zirehli texnika və tankların yerdəyişməsi müşahidə olunub. Hələlik, dövlət çevrilişindən söhbət getməsə də, təhlilçilər prezident Robert Muqabe ilə ordu arasında qarşıdurmanın gücləndiyini qeyd edirlər. Zimbabve ordusu bildirir ki, prezident Robert Muqabenin ətrafındakı “kriminalları” hədəf götürərək, hakimiyyəti ələ alıb, ancaq 93 yaşlı prezident və ailəsi sağ-salamatdır. Ordu həmin “cinayətkarların” ölkədə sosial və iqtisadi problemlər yaratdığını bildirir. Ötən həftə ölkənin 93 yaşlı lideri vitse-prezident Emmerson Mnanqaqvanı istefaya göndərib, onu dövlət çevrilişi hazırlamaqda suçlayıb. Mnanqaqva Muqabenin mümkün varisi kimi nəzərdən keçirilirdi və ordu onu dəstəkləyirdi. Silahlı qüvvələrin rəhbəri siyasi böhranı dayandırmaqdan ötrü “müdaxilə”yə hazır olduğunu bildirib. Muqabe Zimbabveni 37 ildir idarə edir. Robert Muqabe 1980-ci ildən, Zimbabve Böyük Britaniyadan müstəqillik əldə edəndən bəri hakimiyyətdədir. Qərb onu despot sayır, hakimiyyətdə qalmaq üçün zorakılıqdan istifadəyə hazır olması, üstəlik, iqtisadiyyatı düzgün idarə etməməsi nəticəsində Afrikanın ən ümidverici ölkələrindən birinin məhvə sürükləndiyi bildirilir. Hərbçilər narahatdırlar ki, vitse-prezident istefaya göndəriləndən sonra hakimiyyət prezidentin həyat yoldaşı Qrase Muqabeyə ötürülə bilər.
Dünən hərbçilər ZBC dövlət teleradio şirkətinin binasını ələ keçiriblər. Hərbçilər binaya daxil olan və çıxan şəxsləri yoxlayırlar. Məlumata görə, bir neçə televiziya işçisi hərbçilər tərəfindən döyülüb. Efirə çıxacaq xəbərlər blokunun yayımı dayandırılıb. Bundan əvvəl Zimbabve hökuməti paytaxt Hararedə əsas obyektlərin hərbi mühafizəsini gücləndirməyə qərar verib. Hərbçilər şəhərin əsas magistral yollarında blokpostlar qururlar. Prezident sarayının da mühafizəsi xeyli gücləndirilib. Yerli KİV-lər qeyd edir ki, bölgədə yerləşən hərbi hissələrin birindən paytaxta doğru zirehli texnika karvanı irəliləməyə başlayıb.
Son məlumatlara görə, Zimbabvedə hərbçilər ölkədə fərqli şəraitin yarandığını bildiriblər. Bu barədə “The New York Times” məlumat yayıb. Hərbçilər bildiriblər ki, Zimbabve prezidenti Robert Muqabenin məsuliyyətini üzərlərinə götürüblər. “Reuters” agentliyi yazır ki, əsgərlər və zirehli maşınlar əsas hökumət idarələri, parlament və məhkəmələrə gedən yolları bağlayıb. Bir şahidin sözlərinə görə, əhali bankların qarşısında nağd pul çıxarmaq üçün növbəyə durub. “Biz ancaq prezidentin ətrafındakı, ölkəyə sosial və iqtisadi çətinliklər yaradan cinayətkarları hədəfə alırıq, onları ədalət mühakiməsinə təqdim etmək istəyirik”, – general mayor Moyo televiziya ilə çıxışında deyib. “Missiyamızı bitirən kimi durumun normallaşacağını gözləyirik”, – o, sözlərinə əlavə edib. Ordunun, maliyyə naziri İqnatius Çombonu də həbs etdiyi bildirilir. Çombo hakim ZANU-DF partiyasında birinci ledi Qreys Muqabenin başçılıq etdiyi “G40” adlanan fraksiyanın üzvlərindən biridir. Həmin fraksiya Muqabedən sonra arvadını hakimiyyət başına gətirməyə hazırlaşırdı.
Birləşmiş Ştatlar və Böyük Britaniya Hararedəki vətəndaşlarına qapalı məkanlarda qalmağı tövsiyə edib, bildirilir ki, siyasi qeyri-müəyyənliklə bağlı onların təhlükəsizliyinə təminat yoxdur.
“Reuters” agentliyinin bu il əldə etdiyi kəşfiyyat məlumatlarına görə, Mnanqaqva Zimbabvedəki acınacaqlı sosial-iqtisadi vəziyyəti, hiperinflyasiyanı aradan qaldırmaq üçün iqtisadi islahatlar, o cümlədən ağdərili fermerlərin ölkəyə qaytarılmasını, beynəlxalq maliyyə institutları ilə əlaqələr qurulmasını planlaşdırırdı. Lakin “G40” adlanan və əsasən gənclərdən ibarət fraksiya Qreys Muqabenin hakimiyyət başına gətirilməsi üçün işləyirdi. Analitiklər qeyd edirlər ki, hərbçilər siyasi proseslərə müdaxilənin çevriliş kimi təqdim olunmasını istəmirlər. Çünki nəzərə alırlar ki, hərbi çevriliş Afrika Dövlətləri İttifaqı tərəfindən kəskin tənqid olunacaq.