top of page

Muqabe istefa vermək istəmir


Zimbabve prezidenti Robert Muqabe partiyası tərəfindən vəzifədən kənarlaşdırılandan bir neçə saat sonra televiziya ilə çıxış edib. Amma onun istefadan danışmamağı bir çox rəsmiləri və vətəndaşları şoka salıb. BBC-nin Afrika redaktoru Ferqal Keane güman edir ki, Muqabe istefaya getməyə razılaşıb, amma sonra fikrini dəyişib. Hakim ZANU-PF partiyasının liderləri noyabrın 19-da mediaya demişdilər ki, prezident televiziya ilə xalqa müraciətində istefasını elan edəcək. Ancaq prezident sarayından çıxış edən Muqabe istefa məsələsinə toxunmayıb. Əksinə, Muqabe bildirib ki, dekabrda hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının konqresində sədrlik edəcək. Onun sözlərinə görə, baş verən son hadisələr ölkə Konstitusiyası və onun hakimiyyətinə təhlükə kəsb etmir. “Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə, müstəqil olaraq həll etməyə qərarlıdır”, deyə R.Muqabe bəyan edib.

Qeyd edək ki, Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclasında Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Partiyanın yeni lideri Muqabenin çıxışından sonra deyib ki, prezidentin impiçment məsələsini qaldırmaqdan savayı yolumuz qalmayıb. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb. Muqabeyə həmişə loyal olan partiyanın Gənclər Liqası da mövqeyini dəyişərək, onun əleyhinə çıxış edib. Ordu rəhbərləri də Muqabe ilə bazar günü görüşməyi planlaşdırır. Dövlət televiziyasının məlumatına görə, tərəflər arasında danışıqlar katolik kilsə vaizinin vasitəçiliyi ilə keçiriləcək. Ölkənin olduqca nüfuzlu təşkilatı sayılan Müstəqillik uğrunda Müharibə Veteranları Assosiasiyasının rəhbəri Kris Mutsvanqva “Reuters” agentliyinə bildirib ki, ZANU-PF partiyası həmçinin Robert Muqabenin dövlət başçısı vəzifəsindən də kənarlaşdırılması prosesinə başlayıb. Zimbabve 1980-ci ildə Britaniyadan müstəqillik qazandığı gündən ölkəyə Robert Muqabe rəhbərlik edir. Şənbə günü Zimbabve paytaxtı Hararedə on minlərlə adam küçələrə çıxaraq, ordunun ölkəyə nəzarəti ələ almasını dəstəkləyib və prezident Muqabeni vəzifəsindən getməyə çağırıb. İnsanlar illərdir davam edən iqtisadi çətinliklərə, insan haqları pozuntularına etirazlarını bildiriblər.

bottom of page