Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın “Nyu-York Tayms” qəzetinə müsahibəsində deyib: “Peyğəmbərimizin zamanında qadınlar və kişilər cəmiyyət içərisində idilər, teatrlar vardı, indi niyə olmasın?” Bundan sonra o, 1950-ci illərdə çəkilmiş, başıaçıq, mini ətəkli Səudiyyə qadınlarının fotoşəkillərini göstərib. Səudiyyə Ərəbistanında yaxın zamanda Kral Salmanın yerinə taxta keçirilməsi gözlənilən vəliəhd şahzadə Məhəmməd bin Salman “Nyu-York Tayms” qəzetinin Yaxın Şərq müxbiri Tomas Fridmana müsahibəsində “xəyalındakı Səudiyyə Ərəbistanı”ndan danışıb. Vəzifə başına gələndən indiyə qədər səudiyyəli qadınların cəmiyyətdəki rolunun artırılması və cinsi bərabərsizliyin aradan qaldırılması üçün atdığı addımlarla seçilən gənc şahzadə Fridmana ingilis dilində verdiyi müsahibədə “mülayim islam” ifadəsini açıqlayıb. İslamı peyğəmbər dövründəki “orijinal vəziyyətinə gətirmək” niyyətində olduğunu deyib: “İslamı yenidən şərh etdiyimizi yazmayın, biz onu orijinal halına qayaracağıq. Bu yolda ən böyük köməyimiz Həzrət Məhəmmədin tətbiqləri və 1979-cu ildən əvvəlki Səudiyyə Ərəbistanında gördüyümüz gündəlik həyatın nümunələridir”. Vəliəhd şahzadə sözlərinə belə davam edib: “Həzrət Məhəmməd dövründə qadınlarla kişilərin birlikdə getdikləri teatrlar var idi. Səudiyyə Ərəbistanında xristianlara və yəhudilərə hörmət edirdilər. Mədinədə ticarət məsələlərinə baxn ilk hakim qadın olub. Peyğəmbərimiz bütün bunları qəbul edirdisə, soruşuram, sizcə, Həzrəti Məhəmməd müsəlman deyildimi?” Fridman şahzadənin sözlərindən sonra yanındakı nazirlərdən birinin ona cib telefonundakı bəzi fotoları göstərdiyini bildirib. Fridman fotoların 1950-60-cı illərdə yaşamış səudiyyəli qadınlara məxsus olduğunu yazıb.
1979-cu ildə nə baş vermişdi? Səudiyyə Ərəbistanında rejim 1980-ci illərə qədər mülayim islam modelinə uyğun idi. Lakin 1979-cu il dekabrın 4-də Cuheyman əl Uteybu adlı radikal dindarın lideri olduğu silahlı qrupun Kəbəyə hücumu Riyadın mühafizəkar xəttə dönüşünə səbəb olmuşdu. Əl Uteybinin lideri olduğu yüzlərlə şəxs Məscidi Haramdakı onminlərlə adamı əsir götürdükdən sonra Səudiyyə rəhbərliyinə bir tələb siyahısı göndərmişdi. Silahlı qrupun tələbləri arasında bunlar var idi: əcnəbi firmalarla əməkdaşlıq edənlər mühakimə edilsin, dini əsaslara dayanan dövlət anlayışı təsis edilsin, neft istehsalı azaldılsın, ölkədəki xarici hərbi bazalar boşaldılsın və bağladılsın, mədəni aşınmasının qarşısını almaq üçün Qərb ölkələri ilə əlaqələr kəsilsin. 2 həftə boyunca Kəbəni əllərində saxlayan qrupun liderləri Səudiyyə ordusunun hücumu nəticəsində ələ keçirilmiş, sonra da edam edilmişdi. Səudiyyə hökuməti bu hücumdan sonra vəhabilik məzhəbinə mənsub din adamlarına daha çox səlahiyyətlər verməyə, şəriət hökmlərini tətbiq eləməyə başlamışdı.